
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının
Qanununun 16-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında
yalnız resept olmadan buraxılan dərman vasitələri reklam oluna
bilər”.
Trend xəbər verir ki, bu
fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə
Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri
Tamam Həsənova açıqlayıb.
Onun sözlərinə görə, resept olmadan buraxılan dərman
vasitələrinin reklamında aşağıdakılara yol verilmir:
“Yetkinlik yaşına çatmayan şəxslərə müraciət etmək, reklam olunan
dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən
sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına istinad
etmək, reklam olunan dərman vasitəsinin istifadəsi ilə bağlı fiziki
şəxslərin minnətdarlığını ehtiva etmək, sağlam insanda reklam
olunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi barədə
təsəvvür yaratmağa yol verilmir. Bundan əlavə, həkimə müraciət
etməyin gərəksiz olmağı barədə təsəvvür yaratmaq, reklam olunan
dərman vasitəsinin müsbət təsirinə, təbii mənşəli olmasına, onun
təhlükəsizliyinə, effektivliyinə və əlavə təsirlərin olmamasına
təminat vermək, reklam olunan dərman vasitəsinin bioloji aktiv qida
məhsulu qismində və ya dərman vasitəsi olmayan digər əmtəə (məhsul)
qismində təqdim etmək qadağandır”.
T.Həsənova qeyd edib ki, yuxarıda qeyd olunan tələblər tibb və
ya əczaçılıqla bağlı sərgilər, seminarlar və konfranslar keçirilən
yerlərdə yayımlanan reklama şamil edilmir:
“Resept olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi
texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu
barədə məlumat verilməli, həkimlə yaxud mütəxəssislə
məsləhətləşmənin zəruriliyi qeyd edilməlidir. Dərman vasitələrinin
pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi
xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının
keçirilməsi qadağandır. İnzibati Xətalar Məcəlləsinin 428-ci
maddəsinə əsasən, resept əsasında buraxılan dərman vasitələrinin
reklamına görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək,
hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə
edilir. Dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və
ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan
reklam aksiyalarının keçirilməsinə görə, fiziki şəxslər üç yüz
manatdan beş yüz manatadək, vəzifəli şəxslər səkkiz yüz manatdan
min manatadək, hüquqi şəxslər min manatdan iki min manatadək
məbləğdə cərimə edilir”.


