Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı olub

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində noyabrın
3-də Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı
keçirilib.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmə Azərbaycan Mədəniyyət Nazirliyi,
Azərbaycanın Türkiyədəki Səfirliyi, Ankaradakı Azərbaycan
Mədəniyyət Mərkəzi və Antalya Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə
yaradılıb.

Mərasimdə mədəniyyət naziri Adil Kərimli, səfir Rəşad Məmmədov,
Antalya valisinin müavini Ayhan Yazqan, Antalyanın Kepez rayonunun
bələdiyyə sədri Mesut Kocagöz iştirak ediblər.

Kitabxananın direktoru Oğuzhan Ceylan yeni yaradılan Azərbaycan
bölməsi haqqında məlumat verib. Deyib ki, Azərbaycan bölməsində
ölkəmizlə bağlı 700 nüsxə müxtəlif nəşr nümunəsi var.




Digər çıxış edənlər kitabxanada Azərbaycan bölməsinin
yaradılmasını yüksək qiymətləndirib, iki ölkənin mədəni
əlaqələrinin inkişafına töhfə olduğunu bildiriblər.

Sonra bölmənin rəmzi açılışını bildirən lent kəsilib.

Daha sonra kitabxana ilə ümumi tanışlıq olub. Məlumat verilib
ki, 24 saat fəaliyyət göstərən kitabxananın qeydiyyatlı 100 min
oxucusu var və onlardan min nəfəri Azərbaycan vətəndaşlarıdır.

Qeyd edək ki, kitabxananın Azərbaycan bölməsində klassik və
müasir ədəbiyyatımız, ölkəmizin tarixi, incəsənəti və folkloru,
eləcə də şanlı Zəfərimizlə bağlı nəşrlər mövcuddur.