İstanbulda “yeni nəsil mafiyalar”: Məhəllələrdə nə baş verir?

Baş səhifə
Esenyurt İstanbul, "yeni nəsil mafya qruplarının" mərkəzinə çevrilib.

Şəklin mənbəyi, Kerem Uzel/Bloomberg via Getty Images

Şəklin alt yazısı, İstanbul, “yeni nəsil mafya qruplarının” mərkəzinə çevrilib.

    • Müəllif, Mahmut Hamsici
    • Vəzifə,

“Əvvəllər məhəllədə silah səsi eşidəndə ‘kimin toyu var?” deyə düşünürdük. İndi isə ‘hansı qrup hansına atəş açır” deyə soruşuruq”.

İstanbulun Sultangazi rayonundakı Zübeydə Xanım məhəlləsində yaşayan Hüseyn, son zamanlar içində olduqları yeni vəziyyəti bu sözlərlə təsvir edir.

Onun eviylə uşaqlarının ibtidai məktəbi arasında cəmi 100 metr məsafə var. Amma Hüseyn indi hər gün uşaqlarının əlindən tutaraq onları məktəbə aparıb gətirdiyini deyir.

Hüseynin təsvir etdiyi bu mənzərə İstanbulun digər məhəllələri üçün də keçərlidir.

Barış Boyun və “Daltonlar” cinayət təşkilatları ilə bağlı məhkəmə işləri, “yeni nəsil mafya” adlandırılan qrupların Türkiyədə, xüsusilə də İstanbulda geniş fəaliyyət göstərdiyini ortaya qoyur.

Bu qrupların hansı şəraitdə yarandığını, gəncləri necə təsirləndirdiyini və məhəllə həyatını necə dəyişdirdiyini öyrənmək üçün İstanbulun müxtəlif yerlərində araşdırma apardıq.

“İstanbulun bu qədər cinayətkar bir yer olduğunu heç görməmişdim”

Bahçelievler rayonunun Yenibosna məhəlləsində yaşayan, 50 yaşlarında olan Tekin keçmişdə ticarət fəaliyyəti sayəsində ənənəvi mafiya qruplarını “yaxından müşahidə etmək” imkanı tapdığını, indi isə öz məhəlləsində gənclərin bu yeni qruplara qoşulduğunu gördüyünü deyir.

“İstanbulun bu qədər cinayətkar bir şəhərə çevrildiyini heç görməmişdim”, – deyə o bildirir.

Bu vəziyyətə ən çox şahid olan təbəqələrdən biri isə məhəllədəki kiçik sahibkarlardı.

Zatən bu tip qruplarla bağlı məhkəmə işlərində şikayətçilər arasında kiçik sahibkarlar xüsusi yer tutur.

İttiham aktlarına əsasən, bəzi məhəllələrdə bu qruplar bəzən iş yerlərindən “xərac”, “küçə haqqı”, “cərimə” və “məhkum pulu” kimi adlarla zorla pul tələb edirlər.

Əgər istədiklərini ala bilmirlərsə, motosikletli və kask taxmış silahlı şəxslər iş yerlərinə atəş aça bilirlər.

May 2024-də İtaliyada Barış Boyun cinayət təşkilatına qarşı əməliyyat

Şəklin mənbəyi, Anadolu via Getty Images

Şəklin alt yazısı, May 2024-də İtaliyada Barış Boyun cinayət təşkilatına qarşı əməliyyat

Gazi məhəlləsində tekstil sexi işlədən Əkbərin sözlərinə görə, ətrafda sələmçilik də çox yayılıb və borclar vaxtında ödənilməyəndə silah səsləri eşidilir.

Həmin məhəllədən danışdığımız, “rəy sahibi” kimi tanınan kiçik sahibkar Heydər isə belə deyir:

“İndi məhəllədə yeni bir vəziyyət yaranıb. Satıcılar son zamanlarda “gələcəklər” qorxusuyla polisi çağırıb dükanlarının önündə gözlədirlər”.

Yenibosnyadakı Tekin isə məsələ ilə bağlı fərqli bir müşahidəsini bölüşür:

“Əlbəttə, bəzən sıradan satıcıya da toxunurlar, amma çox vaxt hədəfləri qeyri-qanuni işlərlə məşğul olan, bir gizli işi olan və çox pul qazanan adamlardır. Onlara gedib deyirlər ki, “Madam ki, bu işi görürsən, bizə də pay verəcəksən”.

Cinayət qrupları arasında da tez-tez qarşıdurmalar baş verir.

Əkbər bu vəziyyətin onlara təsirini nümunələrlə izah edir:

“Bir müddət əvvəl baş verən atışmada ailə üzvlərimdən birinin dükanına güllə dəydi, şüşələr qırıldı. Bu hadisələr o qədər çoxalıb ki, Heykəl Meydanının yanında bir qəhvəxana var, oranın sahibi demək olar ki, hər dəfə şüşələri dəyişir”.

Esenyurtda yaşayan və özəl bir şirkətdə çalışan Berna isə yaxın zamanda ailəsi ilə birlikdə bir yeməkxana açmaq istədiyini, amma bir dostunun “Nə yeməkxanası? O tərəfdə keçən həftə məşhur paxlava dükanını güllə-baran elədilər” deməsindən sonra bu fikrindən daşındığını danışır.

Ailələr uşaqları üçün narahatdır

Son vaxtlarda yaşanan hadisələr ailələrin də uşaqları üçün narahat olmasına səbəb olub.

Sultangazidə ötən il iki qrup arasında baş verən silahlı qarşıdurma zamanı yoldan keçən 15 yaşlı Büşra Polat güllə yarası alaraq həyatını itirmişdi.

Bu hadisədən sonra məhəllədə fəal olan, “Ərəb Əmrah” ləqəbli Əmrah Sever və Volkan Reçberin rəhbərlik etdiyi iki cinayət təşkilatına qarşı əməliyyat keçirilmişdi.

Beyoğlunun bir məhəlləsində əməliyyat keçirən polis əməkdaşları

Şəklin mənbəyi, Salih Zeki Fazlioglu/Anadolu Agency/Getty Images

Şəklin alt yazısı, Beyoğlunun bir məhəlləsində əməliyyat keçirən polis əməkdaşları

Gazi məhəlləsindən olan Heydər deyir ki, ötən il Volkan Reçberin həyatını itirən bir qohumu üçün məhəllədə keçirilən ehsan süfrəsinə qatılanlara hücum olub.

Heydər bildirir ki, bu kimi hadisələr səbəbindən yalnız gənclər deyil, ailələr arasında da məhəllədən köçmək istəyənlərin sayı çoxalıb.

O, həmçinin belə qrupların zaman-zaman məhəllələrində avtokonvoylarla “güc nümayişi” etdiklərini də əlavə edir.

Esenyurtdan olan Berna isə son illərdə gecələr məhəllədə motosikletlə gəzən gənclərin sayının artdığını deyir.

Bundan əlavə, o, məhəllədə kimliyi, mənsubiyyəti bəlli olmayan bir “naməlum insan tipi”nin formalaşdığını vurğulayır:

“Əvvəllər hamı bir-birini tanıyırdı. Aydın idi: sağçı kimdir, solçu kimdir, narkotik satan kimdir. İndi isə ətrafda kim olduğu bilinməyən, anlamaq çətin olan adamlar dolaşır”.

Berna son beş-altı ildə gec saatlarda artıq təkbaşına evə piyada getmədiyini, metrodan çıxanda, məsafə az olsa belə, taksi çağırdığını söyləyir.

“Politik” məhəllələrdə böyük dəyişiklik

“Yeni nəsil” cinayət təşkilatlarının təsirli olduğu məhəllələr arasında, Nurtepe və Gazi kimi, əvvəllər solçu qrupların güclü olduğu, “siyasi” məhəllələr də var.

Bu yerlərdə gəzdikdə hələ də divarların siyasi şüarlar və afişalarla dolu olduğu görünür.

Lakin bu mənzərəyə baxmayaraq, bu məhəllələrdəki bəzi solçu qrupların təsiri keçmişlə müqayisədə azalıb.

Söhbət etdiyimiz hər kəsin ortaq fikri budur:

“Gezi etirazlarından və 15 iyul 2016-cı il çevriliş cəhdindən sonra qanunsuz sol qruplara qarşı əməliyyatlar artdı; bu təşkilatlar zəiflədikcə, onların yerini kriminal qruplaşr tutdu”.

Gazi məhəlləsindən olan Əkbər isə belə deyir:

“Əvvəllər inqilabçı təşkilatlar güclü olanda nə narkotik, nə də fahişəlik olardı. Kim bu işlərlə məşğul olsa, onları tutub küçə-küçə gəzdirər, ifşa edər, döyər və məhəllədən qovardılar. Gəncləri də müalicəyə yönəldərdilər. İndi isə hər yerdə narkotik satan var”.

Nurtepe məhəlləsindən bir görüntü.

Şəklin mənbəyi, Kerem Uzel/Bloomberg /Getty Images

Şəklin alt yazısı, Nurtepe məhəlləsindən bir görüntü.

Bu prosesdə diqqət çəkən məqamlardan biri də keçmişdə bəzi qanunsuz silahlı solçu qrupların fəaliyyətlərində yer almış şəxslərin, həmin qrupların zəifləməsindən sonra “yeni nəsil” cinayət təşkilatlarına qoşulmalarıdır.

Okmeydanında yaşayan gənc Kərəm bu dəyişimin gözləri önündə baş verdiyini danışır:

“Bu insanlar siyasəti buraxıb ‘Məhəlləyə sahib çıxırıq’ deyə bir şüarla təşkilatlanmağa başladılar. Məhəllə sakinləri də əvvəlcə onlara dəstək verdi. Güc qazanmaq üçün kimisi narkotikə, kimisi qumara, kimisi sələmçiliyə, kimisi isə killerliyə (muzdlu qatil olmağa) başladı. Bir müddət sonra xırda dəstələr formalaşdı, bu dəfə öz aralarında “ərazi mübarizəsi” başladı. Sonra isə bu qruplar sol təşkilatlarla da toqquşdu.

“İllərdir görüşmürəm, amma o vaxt ən yaxın dostlarımdan bəziləri indi Barış Boyunun yanında, bəziləri Gürcüstanda, bəziləri Almaniyada, bəziləri Fransada bu işlərlə məşğuldur”.

21 iyul 2015-də Suruç qətliamında həlak olan iki nəfərin Gazi məhəlləsindəki dəfn mərasiminə silahla qatılan qanunsuz solçu silahlı qrup üzvləri

Şəklin mənbəyi, YASIN AKGUL-/AFP via Getty Images

Şəklin alt yazısı, 21 iyul 2015-də Suruç qətliamında həlak olan iki nəfərin Gazi məhəlləsindəki dəfn mərasiminə silahla qatılan qanunsuz solçu silahlı qrup üzvləri

“Gənclərin örnək alacağı şəxs qalmayıb”

Kağıthanədə yaşayan və hazırda iş axtaran mühəndis Əhməd bu məhəllələrdəki dəyişimin gənclər üzərindəki təsirini belə izah edir:

“Bu məhəllələrdə gənclərin rol modelləri əvvəllər solçu qardaş və bacılardı. İndi isə onların artıq heç bir örnək olacaq insanı qalmayıb”.

Son dövrlərdə bu məhəllələrdə polis də xeyli artıb.

Biz də əvvəl heç rastlaşmadığımız qədər çox polis maşını, motosikletli patrul və hətta TOMA gördük.

Zübeydə Xanım məhəlləsindən Hüseyn bu vəziyyəti belə sorğulayır:

“Normalda indi daha çox polis varsa, biz özümüzü daha təhlükəsiz hiss etməli deyilikmi?”

Qrupların siyasi yönümü varmı?

Bu “yeni nəsil” cinayət təşkilatlarının siyasi bir baxışa sahib olub-olmadığı da maraq doğurur.

Yenibosnyadan olan Tekin xatırladır ki, keçmişdə məhəllələrdə Ülkücü mafya anlayışı üstünlük təşkil edirdi və o, bu günkü vəziyyəti belə dəyərləndirir:

“Məncə, məhəllələrdəki bu qruplarda artıq Ülkücü düşüncədə olanlar çox deyil. Onlar indi daha yüksək səviyyələrdə ola bilər, amma məhəllə səviyyəsində azdırlar”.

Həm iddianamələr, həm də məhəllələrdə apardığımız söhbətlər, bu yeni qrupların müəyyən bir siyasi baxışa sahib olmadığını göstərir.

Tekin bunu belə izah edir:

“Yeni bir vəziyyət kimi, indi aralarında Ələvi ailələrin uşaqları da var. İki il əvvəl Fransada öldürülən Gülbey Dilsiz elə idi – Dersimlidir, cənazəsi Cəmevidən çıxmışdı. Həmçinin kürd uşaqlar da var. Məsələn, “Çirkinlər” adlı qrup elədir. Adlarını Yılmaz Güneyin ləqəbindən götürüblər. TikTok-da Əhmət Kaya mahnıları ilə videolar paylaşırlar. Amma bunların heç birinin siyasi xətti yoxdur. Hamısı sırf kriminaldır”.

Beyoğlu, Ömər Xəyyam məhəlləsindən bir görüntü

Şəklin mənbəyi, Oleksii Chumachenko/SOPA Images/LightRocket via Getty Images

Şəklin alt yazısı, Beyoğlu, Ömər Xəyyam məhəlləsindən bir görüntü

Kərəm iddia edir ki, prosesin əvvəlində Sedat Peker qrupu xüsusilə Ələvi gəncləri öz tərəfinə çəkmək üçün xüsusi səy göstərib.

Gazi məhəlləsindən Heydər də buna bir nümunə gətirir:

“Məsələn, tanıdığımız biri var idi. Sol bir qrupdan həbs yatmışdı. Çıxandan sonra bu qruplarla əlaqəyə girdi. İndi isə lazım gəldikdə ‘üç hilal’ və ya ‘bozqurd’ simvolları olan bir şəkilin qarşısında dayanıb foto çəkdirir və sosial mediada paylaşır. Yəni heç bir prinsipləri yoxdur”.

Məsələnin kökündə yoxsulluqmu dayanır?

Bu cür “yeni nəsil” qruplara marağın niyə artması son dövrlərin ən çox müzakirə olunan mövzularındandır.

Fərqli məhəllələrdə apardığımız söhbətlərdə, demək olar ki, hər kəs bu vəziyyətdə iqtisadi çətinliklərin mühüm rol oynadığı fikrindədir.

İstanbul Bağcıların havadan görünüşü

Şəklin mənbəyi, OZAN KOSE/AFP via Getty Images

Şəklin alt yazısı, İstanbul Bağcıların havadan görünüşü

Kağıthanədə yaşayan, universiteti yeni bitirmiş və iş axtaran 23 yaşlı Özge vəziyyəti belə izah edir:

“Bunların hamısının azgəlirli məhəllələrdən çıxması təsadüf deyil”.

O, həmçinin məhəllələrdəki təhsilin zəif olmasından, siniflərin çox dolu olmasından və həmyaşlar arasında zorakılığının (bullying) geniş yayılmasından danışır.

“Əvvəllər bu işlərin bir qaydası vardı”

Yenibosnyadan olan Tekinin fikrincə, bu qrupların böyüməsində və onlara qoşulanların sayının artmasında yoxsulluq önəmli amildir, amma yeganə səbəb deyil:

“Axı yoxsulluq yeni şey deyil. Bu dövrdə fərqli olan başqa məsələlər var. Məsələn, narkotik çox yayılıb. Xaricə çıxmaq istəyi də artıb. Bir də artıq əxlaq deyilən bir şey qalmayıb”.

Tekin “əxlaq” məsələsi ilə bağlı narahatlığını belə açır:

“Əvvəllər bu işlərin bir həddi vardı, indi o da yoxdur. Adamı hamilə arvadının yanında güllələyə bilirlər. Heç bir prinsip, heç bir dəyər qalmayıb.”

O, həmçinin silah əldə etməyin də çox asanlaşdığını deyir:

“İndi, məsələn, gizli sexlərdə hazırlanmış CNC silahları çox yayılıb. Uzunömürlü olmasa da, adamların işini görür”.

“Bəziləri qısa yolla pul qazanmaq istəyir”

Kağıthanədən olan Özge gənclərin bu qruplara marağını izah edərkən nəsillərarası fərqlərə diqqət çəkir:

“Biz Z nəsli olaraq elə bir vəziyyətdəyik ki, çox çalışsaq belə, əvvəlki nəsillər kimi bir ev, bir maşın ala bilməyəcəyik. Onda bəzi insanlar “nə olsa da heç nə əldə edə bilməyəcəyik” deyib pullarını geyimə, gəzintiyə, tətillərə xərcləyir. Bəziləri isə bu nöqtədə qısa yolla pul qazanmaq istəyir”.

“Sürətli pul”, yəni tez qazanc istəyi, Özgenin fikrincə, bu qruplara yönəlişdə mühüm motivasiyadır.

O, qadın dost çevrəsindən bir nümunə də gətirir:

“OnlyFans” inanılmaz dərəcədə yayılıb. Mənim bir çox dostum orada hesab açıb. Onlarla danışanda “Nə olacaq ki?” deyirlər”.

“OnlyFans” Böyük Britaniyada fəaliyyət göstərən bir vebsaytdır; burada istifadəçilər şəxsi, çox vaxt cinsi məzmunlu videolar və şəkillər paylaşır, izləyicilər isə buna görə onlara pul ödəyirlər.

 Beyoğlunun Hasköy məhəlləsindəki bir divar yazısı
Şəklin alt yazısı, Beyoğluun Hasköy məhəlləsindəki bir divar yazısı

Esenyurt sakini Berna isə müşahidələrini belə bölüşür:

“Bizim məhəllədə bir az təhsilli gənclər A101-də, BİM-də kassir kimi işləyir. Daha az təhsilli, şəhər həyatında öz yerini tapa bilməmiş uşaqlar isə bu qruplara meyl edir”.

Yenibosnadan Tekin deyir ki, bəzi məhəllələrdə bu qruplara qoşulan gənclərə sakinlər hörmətlə yanaşır və bu da onlar üçün “motivasiya mənbəyinə” çevrilir.

Müsahibə apardığımız şəxslərin fikrincə, müxtəlif televiziya və internet serialları da “mafiyaya bənzər” həyat tərzini cazibədar göstərir. Xüsusilə “Çukur” və “Sıfır Bir – Bir Zamanlar Adana’da” seriallarının adları tez-tez çəkilir.

“Bu dünyaya” girən gənclərin hekayələrində nə var?

Beyoğluna bağlı Piripaşa məhəlləsində böyüyüb, indi bir kafedə işləyən Cüneyt ilə görüşdük. O, bu cür qruplara qarışmış iki köhnə dostunun həyat hekayəsini danışır.

İlk hekayədə Cüneytin dostu hələ də sağdır:

“Biz liseyi birlikdə oxuyurduq. O, məktəbi atdı. Məhəllə “abileri” ilə gəzərkən narkotikə qurşandı. Sonra narkotik satmağa başladı. Özünə ev kirayələdi, altına maşın aldı, eskortlara gedirdi. O vaxt artıq əlaqəmiz kəsildi. Adam vurub, özü də vurulub, həbsə düşüb. “O dünya”da kifayət qədər yüksəlib”.

Cüneyt bu prosesdə ailənin də məsuliyyət daşıdığını düşünür:

“Dostum evə pul gətirəndə anası, atası ona “Bu yaşda bu qədər pulu haradan tapırsan?” demədi. Oğulları ailəsinə ev aldı, onlar da daha çox sevindi”.

İstanbulda keçirilən narkotik əməliyyatından görüntü

Şəklin mənbəyi, Berk Ozkan/Anadolu Agency/Getty Images

Şəklin alt yazısı, İstanbulda keçirilən narkotik əməliyyatından görüntü

Cüneytin ikinci hekayəsində isə o, dostunun öldüyünü danışır:

“Yenə məktəb yoldaşım idi. Məktəb bitəndən sonra əvvəlcə məhəllədə xırda “vurub-qırma” işlərinə başladı. Özünə bir dəstə topladı. Sonra daha yuxarıdakı adamlara qoşuldu. O vaxt artıq əlaqəmiz kəsilmişdi. Haliçdə bir kafe işlətməyə başladı. Rəqib bir qrup, görüşdüyü qızlardan birinə “Sənə pul verək, yerini de” deyib. Qız da yerini atıb. Gəlib uşağı öz məkanında öldürüblər”.

Kağıthanədən Əhməd isə uşaqlıqda tez-tez lağ edilən, özündən kiçik bir dostunun bu qruplardan birinə qoşulduğunu, silahlı qarşıdurmada yaralandığını, həbsə düşüb çıxdığını deyir.

Hələ də onunla görüşdüyünü bildirən Əhməd belə danışır:

“Belə bir dünyada olmasına baxmayaraq, görüşəndə qəribə şəkildə tam normal davranır. Bu mövzulardan heç danışmırıq”.

Özge isə bu insanların etdiklərini gizlətməmələrinə təəccüblənir və gülür:

“Siz indi müsahibə alırsınız, razılaşmışıq ki, yazıda adımız çəkilməsin, amma onlar TikTok-da əllərində silahla etdiklərini açıq-açıq paylaşırlar”.

Yaşayış binalarının təsiri

Esenyurt sakini olan bir satıcı, Halil, görüş zamanı bölgədəki əsas problemlərdən birinin çoxmərtəbəli binalar olduğunu deyir.

Ona görə, Esenyurt və Kayaşehir kimi yerlərdəki kiçik mənzilli binalarda bu tip qruplar fəaliyyətlərini çox daha rahat şəkildə həyata keçirə bilir.

Hətta bəzi bina idarə heyətlərinin belə bu qruplar tərəfindən ələ keçirildiyini iddia edir.

Narkotik yayılır, yeni dəb: “peçete”

İttiham aktlarına görə, “yeni nəsil cinayət təşkilatlarının” əsas gəlir mənbələrindən biri narkotik ticarətidir.

Türkiyə Daxili İşlər Nazirliyinin 16 oktyabrda yayımladığı 2025 Narkotik Hesabatına görə, 2024-cü ildə “sintetik dərman” kimi tanınan, narkotik təsiri olan preparatların tutulma faizi əvvəlki ilə nisbətən 227 faiz artıb.

Narkotik səbəbilə ölənlərin sayı 42 faiz yüksəlib, narkotiklə əlaqəli şübhəli sayı isə 20 faiz artaraq 374.948 nəfərə çatıb.

Polis əməliyyatlarında ələ keçirilmiş narkotik maddələr

Şəklin mənbəyi, Veli Gurgah/Anadolu Agency/Getty Images

Şəklin alt yazısı, Polis əməliyyatlarında ələ keçirilmiş narkotik maddələr

Görüşdüyümüz şəxslərə görə, məhəllələrdə narkotikə çıxış indi əvvəlkindən daha asandır, xüsusilə mobil tətbiqlərin yayılması bu işi asanlaşdırıb.

Kağıthanədən Özge soruşur:

“Gültepedə kiçik bir ev var. Bütün ətrafa narkotik satışını oradan edirlər. Bunu hamı bilir. Hətta satanlar bir ana ilə qızıdır. Amma bu vəziyyət dəyişmir.”

Gazi məhəlləsindən Əkbər isə son vaxtlarda məhəllələrində narkotik satışının əsasən motosikletli qruplar vasitəsilə həyata keçirildiyini deyir və əlavə edir:

“Hətta tanınmamaq üçün indi gənc qızları da satıcı kimi istifadə etməyə başlayıblar”.

Bizə çatdırılan məlumatlara görə, son dövrlərdə “peçete” adlı bir narkotik növü çox sürətlə yayılır.

“Adı bilinməyən çoxlu qrup var”

Məhəllələrdə bir çox qrupun adı çəkilir, amma ən çox qarşılaşılan ad “Daltonlar” olur.

Yenibosnyadan Tekin isə əslində daha çox qrupun mövcud olduğunu deyir:

“İstanbulda səssizcə fəaliyyət göstərən, sosial media istifadə etməyən, bəlkə də daha kiçik miqyaslı bir çox qrup var. Qeyri-qanuni işlər hər yerdədir”.

Tekin keçmişdə gördüyü cinayət şəbəkələri ilə müqayisə edərək, indiki gənclərin bu dünyanı necə dərk etdiyini belə izah edir:

“Gənclər bu işi oyun kimi görür. Can almısan, can vermisən. Bunun geri dönüşü yoxdur. Sanki heç ölməyəcəklərmiş kimi yaşayırlar”.

Ardınca əlavə edir:

“Finalda paket olursan. Ya tabutdasan, ya da həbsxanada”.

Qeyd: Bu xəbərdə fikirlərinə yer verilən şəxslərin adları təhlükəsizlik səbəbi ilə dəyişdirilmişdir.