
Bakı. Trend:
Misli Premyer Liqasının X turu tamaşaçı sayında mövsümün rekordu
ilə əlamətdar olub.
Trend xəbər verir ki, Tovuz
şəhər stadionunda keçirilən “Turan Tovuz” – “Şamaxı” matçını 5800
tamaşaçı izləyib. Doğma arenaya qayıdan qərblilər bu görüşdə 2:1
hesablı qələbə qazanıb. Bu oyun mövsümün arxada qalan hissəsi üçün
ən çox seyrçi toplayan görüşdür.
Bunadək rekord V turda qeydə alınmışdı. Mehdi Hüseynzadə adına
Sumqayıt şəhər stadionundakı “Sumqayıt” – “Neftçi” matçında (0:2)
3500 izləyici olub.
Qeyd edək ki, ümumilikdə mövsümün baş tutan 58 oyununu 64 min
766 tamaşaçı izləyib. Orta göstərici 1117-yə bərabərdir.


