
Bakı. Trend:
“AzInTelecom” MMC Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı
kəndində ağacəkmə aksiyası keçirib.
Vətən Müharibəsində qazanılmış Qələbənin 5-ci ildönümünə həsr
edilmiş aksiyada “AzInTelecom” MMC-nin rəhbərliyi, əməkdaşları, o
cümlədən hazırda şirkətdə çalışan Vətən Müharibəsi iştirakçıları
iştirak ediblər.
Əvvəlcə əkin üçün təyin olunmuş ərazidə şəhidlərimizin xatirəsi
1 dəqiqəlik sükutla yad olunub, daha sonra aksiyaya start verilib.
Aksiya çərçivəsində Ağdamın işğaldan azad edilmiş ərazisində
ümumilikdə 500-dən çox şam ağacı əkilib. Daha sonra ilkin suvarma
işi aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.
Aksiyanın təşkil edilməsində məqsəd işğaldan azad edilmiş
ərazilərimizdə yaşıllıq zolaqlarını artırmaq, ekoloji tarazlığı
bərpa etmək və ekomədəniyyətin formalaşması prosesinə töhfə vermək
olub.
Aksiya Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və “Qayıdış
könüllüləri”nin dəstəyi ilə həyata keçirilib.


