Sahibə Qafarova Ərəb Parlamentinin Prezidenti ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına
işgüzar səfəri çərçivəsində Qahirə şəhərində Ərəb Parlamentinin
Prezidenti Mohamed Alyammahi ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə verilən
məlumata görə, görüşdə spiker Sahibə Qafarova Azərbaycanla müsəlman
ölkələri arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə
edərək, əlaqələrimizin əsasında ortaq dini, mədəni və mənəvi
dəyərlərin dayandığını vurğulayıb.

Qeyd olunub ki, ölkələrimiz arasında əlaqələrin inkişafında
parlamentlərarası əməkdaşlıq da mühüm rol oynayır. O cümlədən,
Milli Məclisin Ərəb Parlamenti və ona üzv olan ölkələrin
parlamentləri ilə sıx əlaqələrə malik olduğu bildirilib.

Bu günlərdə Bakıda keçirilmiş Azərbaycan Respublikası
Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr edilmiş
Beynəlxalq Parlament Konfransında bir sıra ərəb ölkələri
parlamentlərinin nümayəndə heyətlərinin iştirakından da məmnunluq
ifadə olunub.

Görüşdə Mohamed Alyammahi Azərbaycanın ərəb ölkələri üçün xüsusi
yerə malik olduğunu qeyd edib. O, Azərbaycan Respublikası
Konstitusiyasının qəbul olunmasının 30 illiyi, həmçinin 8 noyabr –
Zəfər Gününün 5-ci ildönümü münasibətilə təbriklərini çatdırıb.

Söhbət zamanı Milli Məclislə Ərəb Parlamenti arasında beynəlxalq
səviyyədə də birgə fəaliyyətin əhəmiyyəti qeyd olunub. Həmçinin,
Ərəb Parlamentinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan
və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı
Parlament Şəbəkəsi ilə əlaqələrə də böyük əhəmiyyət verdiyi
bildirilib. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Ərəb
Parlamenti yanında müşahidəçi statusuna malik olduğu, Ərəb
Parlamentinin də Parlament Şəbəkəsinin bütün tədbirlərində iştirak
etdiyi vurğulanıb.

Görüşdə, həmçinin Milli Məclislə Ərəb Parlamenti arasında
əlaqələrin daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib,
bu istiqamətdə birgə səylərin bundan sonra da davam etdirilməsinin
əhəmiyyəti qeyd olunub.