“Art Weekend” festivalı çərçivəsində Daş Salnamə Muzeyində sərgilər açılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakının mədəni həyatını zənginləşdirən “Art Weekend” festivalı
çərçivəsində Daş Salnamə Muzeyində “Baku Steel Art 2025” və “Son
dalğa” adlı sərgilər açılıb.

Trend xəbər verir
ki, tədbirdə “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev
Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və
rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak
ediblər. Qonaqlar sərgi ilə tanış olublar.

“Baku Steel Art 2025” sərgisi poladla sənətin görüş nöqtəsi,
gələcək nəsillərə ilham verəcək bir yaradıcılıq körpüsüdür. Nümayiş
olunan işlərdə texnologiyanın sərtliyi ilə yaradıcılığın zərifliyi
bir araya gəlir. Sərgidə sənətkarlar polada yeni nəfəs verərək, onu
orijinal və unikal sənət əsərlərinə çeviriblər. Müxtəlif bədii
yanaşmalarla yaradılan heykəltaraşlıq nümunələri poladla sənətin
estetik dəyərlərini birləşdirir və müasir incəsənətin yeni ifadə
formalarını ortaya qoyur.

Sərgidə yer alan “Lövbər” əsərinin müəllifi Zamik Rzayev
AZƏRTAC-a açıqlamasında öz əl işi barədə məlumat verib. “Xəzər
dənizinin qurumasından təsirlənərək bu əsəri yaratmışam. Göründüyü
kimi lövbər kənarda yerləşir və aşağı hissədə güzgüdən istifadə
olunub. Bunun səbəbi hər kəsin ekologiyanın gözəlləşdirilməsi ilə
bağlı empatiya qurmasına şərait yaratmaqdır. Əsas məqsədimiz
təbiəti qorumağın, tullantılara yeni həyat verməyin və incəsənətlə
harmoniyada yaşamağın vacibliyini nümayiş etdirməkdir. Bu əsər 10
gün ərzində səylə çalışmağın nəticəsində ərsəyə gəlib”,- deyə
Z.Rzayev əlavə edib.

Rumıniyalı heykəltaraş, “Torpaq və od” əsərinin müəllifi Çiprian
Hopirtean isə sərgidə təqdim etdiyi işin müharibənin hekayəsindən
bəhs etdiyini vurğulayıb. Bu layihənin Ağdam Cümə Məscidinin
bərpası üzərində iki illik təcrübə əsasında formalaşdığını diqqətə
çatdıran heykəltaraş deyib: “Məscidin divarları güllə izləri və
yanıq ləkələri ilə doludur. Çünki orada müharibə nələr edə
biləcəyinin şahidi oldum”.

“Son dalğa” adlı sərgidə heykəltaraşlıq və instalyasiya əsərləri
ilə tanınan Elvin Nəbizadənin kinetik instalyasiyası təqdim olunub.
Əsər səs və hərəkət arasında açılan iki paralel dünyaya dəvət
edir.

“Son dalğa” iki monumental çərçivə zərb alətindən ibarət kinetik
bir quraşdırmadır və ayrı-ayrı otaqlarda asılıb. Tavandan asılan
zərb alətləri yavaş və ritmik hərəkətə gətirilir. Hərəkət dənizin
nəfəsi kimi incə, lakin davamlıdır. Quraşdırma soyuq və isti
atmosferdə açılır. İlk otaqda mavi-ağ işıqla dolu, dəniz sakit və
uzaq görünür. Qışın donmuş sakitliyi havada qalır, təbiətin dinc
ritmini daşıyır. Dalğaların səsi uzaqdan gələn bir əks kimi
eşidilir. İkinci otaqda isə işıq qızılı və canlı, yay günəşinin
parıltısı, hərəkətli sudakı parıltı kimidir. Mexaniki ritm daha
qabarıqdır, dənizi canlandıran və hərəkətə gətirən istiliyi
çağırır. Bu iki dünya arasında dialoq yaranır. Eyni səs iki fərqli
əhvalda, eyni dəniz iki mövsüm boyu nəfəs alır.