
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp tariflərlə bağlı keçiriləcək
dinləmələrdə iştirak edərsə, ölkə tarixində Ali Məhkəmənin şifahi
müzakirələrinə qatılan ilk dövlət başçısı olacaq.
Trend-in
məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər yayıb.
Məlumata əsasən, Tramp əvvəlki dövrdə tətbiq etdiyi idxal
tariflərinin taleyini müəyyən edəcək dinləmələrdə şəxsən iştirak
etmək niyyətində olduğunu bildirib. “Bloomberg” Ali Məhkəmə Tarix
Cəmiyyətinin nəşrlər üzrə direktoru Kler Kuşmana istinadən qeyd
edir ki, Ali Məhkəmənin iki əsrdən artıq tarixində indiyədək heç
bir prezident şifahi müzakirələrdə iştirak etməyib.
Agentlik yazır ki, Trampın dinləmədə iştirakı administrasiyaya
tariflərin qanunsuz hesab olunması barədə qərarın ləğv edilməsi
üçün məhkəməyə dolayı təzyiq imkanı verə bilər. Bununla belə, onun
iştirakının baş tutub-tutmayacağı hələ də qeyri-müəyyəndir, çünki
həmin gün Trampın Florida ştatının Mayami şəhərində keçiriləcək
biznes forumunda çıxış etməsi planlaşdırılır.
Ali Məhkəmə ABŞ administrasiyası tərəfindən tətbiq edilən
çoxsaylı tariflərin qanuniliyini araşdırmaq məqsədilə noyabrın 5-nə
dinləmə təyin edib. İş bir qrup biznesmenin hökumətə qarşı,
tariflərin qanunsuz tətbiqi və şirkətlərinə vurduğu zərərlə bağlı
iddia qaldırmasından sonra başlanıb.
Xatırladaq ki, avqustun 29-da ABŞ Dairə Apellyasiya Məhkəməsi
Trampın bəzi tarifləri tətbiq etmək səlahiyyətinin olmadığını
qərara alıb. Sentyabrın 4-də isə Tramp administrasiyası bu qərarın
ləğvi üçün Ali Məhkəməyə müraciət edib.

