Azərbaycan-Qırğızıstan Fondu Qırğızıstanda su elektrik stansiyasının tikintisinin maliyyələşdirilməsini təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu (AQİF) Qırğızıstanda kiçik
su elektrik stansiyasının tikintisinin gerçəkləşdirilməsinə
vəsaitin ayrılmasını təsdiqləyib.

Trend bu barədə
Qırğızıstan Respublikasının İqtisadiyyat və Kommersiya Nazirliyinə
istinadən xəbər verir.

Məlumata görə, bu qərar Bişkekdə Azərbaycanın İqtisadiyyat
nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən
AQİF Şurasının altıncı iclasının yekunlarına əsasən qəbul
olunub.

Fond Şurası gücü 5,4 MVt olan kiçik su elektrik stansiyasının
tikintisinin maliyyələşdirilməsini təsdiqləyib. Obyekt Oş
vilayətinin Kara-Kulca rayonundakı Kulun çayı üzərində inşa
olunacaq.




Layihənin ümumi smeta dəyəri 5,2 milyon ABŞ dolları məbləğində
qiymətləndirilir, İnkişaf Fondu isə bu məbləğin 2,5 milyon
dollarını təmin edəcək.

SES-in istismara verilməsi regionun enerji təhlükəsizliyinə və
iqtisadi inkişafına mühüm töhfə verəcək. Layihənin həyata
keçirilməsi yeni iş yerlərinin yaradılmasına, Oş vilayətinin
istehsal potensialının gücləndirilməsinə, həmçinin ölkənin enerji
sahəsində idxaldan asılılığının azalmasına imkan yaradacaq.

İclas zamanı iştirakçılar həmçinin Fondun normativ sənədlərinə
bir sıra dəyişiklikləri nəzərdən keçirib, cari əməkdaşlıq
istiqamətlərini müzakirə edib və əlavə investisiya təşəbbüsləri
portfeli ilə tanış olublar.