Orta dəhliz üzərindən konteyner daşımalarının payı üç dəfə artıb – IRU baş katibi

Baş səhifə

Bakı. Trend:

Orta Dəhlizlə konteyner daşımalarının payı sürətlə artır – son
12 ay ərzində onların həcmi 3 dəfə artıb.

Trend Beynəlxalq
Avtomobil Nəqliyyatı İttifaqına (IRU) istinadən xəbər verir ki,
bunu IRU baş katibi Umberto de Pretto Çinin Dunquan şəhərində
keçirilən 7-ci “Huawei Digital Supply Chain Forum” forumunda
deyib.

O qeyd edib ki, son iki il ərzində Orta Dəhliz vasitəsilə
ticarət həcmləri iki dəfədən də çox artıb və 2030-cu ilə qədər
onların daha 2 dəfə artacağı gözlənilir:

“Biz bu gün sürətli dəyişikliklər və davamlı transformasiyalarla
xarakterizə olunan bir dünyada yaşayırıq. Dünya getdikcə daha çox
qarşılıqlı əlaqəli olduqca, logistika sahəsində əməkdaşlıq,
innovasiyalar və vahid standartlara ehtiyac heç vaxt indiki qədər
aktual olmayıb”.




“”Kəmər və Yol” marşrutları bu gün artıq real bir həqiqətə
çevrilib. Biz görürük ki, yük avtomobilləri bu marşrutları keçərək
qitələri və bazarları heç vaxt olmadığı qədər birləşdirir”, – deyə
o bildirib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.