Dünyanın ən hündür kilsə qülləsi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Barselonadakı Saqrada Familia kilsəsinin mərkəzi qülləsi Ulmdəki
məşhur Münster kilsəsini geridə qoyaraq dünyanın ən hündür kilsə
qülləsi adını qazanıb.

Trend xəbər verir ki, Saqrada
Familia kilsəsində inşaatın son mərhələsində mərkəzi qülləyə xaçın
ilk hissəsinin quraşdırılması ilə yeni rekord qeydə alınıb. İsa
Məsihə həsr olunmuş mərkəzi qüllənin hündürlüyü xaç hissəsinin
aşağı hissəsinin əlavə edilməsi ilə 162,91 metrə çatıb və bununla
Ulm Münsterini geridə qoyub. Tikintinin 2026-cı ildə başa çatması
ilə bazilikanın ümumi hündürlüyü 172,5 metr olacaq. İnşası 1890-cı
ildə tamamlanmış Ulm Münster kilsə qülləsinin hündürlüyü isə 161,53
metrdir.




Qeyd edək ki, çəkisi 24 ton, uzunluğu 7,25 metr olan xaçın
konstruksiyası Bavariyada hazırlanıb. Tamamlandıqdan sonra onun
hündürlüyü 17, eni 13,5 metr olacaq.

Əfsanəvi memar Antoni Qaudinin özünəməxsus yaradıcılığını əks
etdirən Saqrada Familianın rəsmi açılışı gələn il iyunun 10-da –
onun ölümünün 100-cü ildönümündə olacaq. Kilsənin tikintisinin tam
başa çatması isə 2030-cu illərdə nəzərdə tutulur.