
Bakı. Trend:
Oktyabrın 30-da İçərişəhərdəki “Q Gallery”də “Əcdadlar” sərgisi
açılıb. Sərgi Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin
təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin
tərəfdaşlığı ilə paytaxtda keçirilən “Art Weekend”ə daxil edilən
ekspozisiyalardandır.
Trend xəbər verir ki, Heydər
Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva sərgi ilə
tanış olublar.
Burada Azərbaycan sənətinin müasir nümayəndələri – Faiq Əhməd,
Rəşad Ələkbərov, Orxan Hüseynov və Fərid Rəsulov öz yaradıcılıqları
vasitəsilə keçmişin izlərini bu günə gətirərək, ziyarətçilərə milli
ruhun dərin qatlarını yenidən hiss etdirməyə çalışır.
AZƏRTAC-a müsahibəsində rəssam Rəşad Ələkbərov həmkarlarının
fərqli üslubda işlədiklərini bildirib. Öz əsərlərində daha çox
kölgə effektindən istifadə etdiyini qeyd edən fırça ustası
həmkarları ilə birgə sərgi təşkil etmək fikrinə gəldiklərini deyib:
“15 il əvvəl birgə layihəmiz olub. Lakin zaman keçib, biz
dəyişmişik, düşüncələrimiz dəyişib. Qərara gəldik ki, indiki
sərginin mövzüsu əcdadlarımız haqqında olsun. Düşündük ki, insanlar
üçün köklərimiz, əcdadlarımız barədə fərqli bilgi almaq maraqlı
olar”. Sərgidə üç əsərinin nümayiş olunduğunu bildirən Rəşad
Ələkbərov hər birinin atalar sözündən ilhamlanaraq ərsəyə
gəldiyini, rəsmlərdə onlara olan baxış bucağının əks olunduğunu
diqqətə çatdırıb.
AZƏRTAC-la həmsöhbət olan rəssam Fərid Rəsulov əsərlərində yağlı
və sulu boyalardan istifadə etdiyini bildirib. İşlərində
əcdadlarımızın kultu olan qoyun haqqında danışan rəssam bütün
dövrlərdə bu heyvanların bizim yaşam tərzimizin bir hissəsi
olduğunu qeyd edib. “Köçəri olan, dağlarda yaşayan vaxtlarda bizim
əcdadlarımız hər zaman qoyunçuluqla məşğul olublar. Ona görə bizim
üçün qoyun bir növ totemdir. Qoyunlar bir çox mədəni abidələrimizdə
də təsvir olunub”, – deyə o əlavə edib.
Qoruyub saxladığımız hər bir adət, ötürdüyümüz hər bir hekayə,
hətta üz cizgilərimizdə əks olunan xüsusiyyətlər, bizdən əvvəl
yaşamış, xəyal qurmuş və yaratmış saysız-hesabsız nəsillərin
mirasıdır. Evimiz adlandırdığımız torpaq həm həyatın beşiyi, həm də
bizi biz edənlərin izlərini səssizcə qoruyub saxlayan bir məkandır.
Güclü və fərqli bədii ifadələr vasitəsilə “Əcdadlar” ziyarətçiləri
yaddaş, ənənə və mədəni irs qatlarından keçən düşüncəyə dəvət edir.
Bu sərgi bizi bu davamlı silsilə içindəki yerimiz barədə düşünməyə,
həmçinin, bir gün bizim də gələcək nəsillərin formalaşmasında
zəncirin bir halqasına çevriləcəyimizi xatırlamağa çağırır.
Faiq Əhməd “Əcdadlar” sərgisində təqdim etdiyi əsərləri daha çox
minimal formada işləyib. Sənətçinin yaratdığı insan portretləri
zahirən sadə olsa da, tamaşaçını öz daxili hisslərini görməyə vadar
edir.
Rəşad Ələkbərov sərgidə “Atalar sözləri” konsepti üzərində
işləyir. O, xalqın dərin hikmətini əks etdirən sözləri vizual sənət
vasitəsilə təqdim edir. Sənətçi əmindir ki, bəzi atalar sözləri
yalnız müəyyən zaman üçün deyil, gələcək nəsillər üçün də aktual
qalır, illər sonra belə mənasını itirməyəcək hikmətləri
daşıyır.
Fərid Rəsulov müəllifi olduğu işlərdə əsas mövzu kimi qoyunları
təsvir edir. Onun fikrincə, qoyunlar bir totem rəmzidir. Qoyun və
quzu qədim zamanlardan bizim həyatımızın bir parçası olub və
sərgidə əsas məqsədi məhz bu əlaqəni – əcdadlarımızdan günümüzə
gələn həyat və simvolizmi göstərməkdir.
Orxan Hüseynov tamaşaçını gündəlik həyatda çoxlarının artıq
diqqət yetirmədiyi detalların içindən tarixə aparır. Əsərlərində
Vətən mənzərəsi, doğma diyar, torpaq, göl və insanların yaşadığı,
öyrəşdiyi ərazilər canlanır. Coğrafiya və məkanlar bir zamanlar
əcdadlarımızın yaşadığı, izlər qoyduğu yerlər kimi təqdim olunur,
indi isə biz həmin yerlərdə yaşayır, onları yenidən kəşf
edirik.
“Əcdadlar” sərgisi hər bir fərdin mənsub olduğu nəsillər
zəncirindəki yerini dərk etməyə, gələcək nəsillərin formalaşmasında
da iz buraxacağımızı xatırlamağa çağırır. Eyni zamanda, sərgi
məkanın – yəni torpağın – təkcə həyat beşiyi deyil, həm də sükutla
əcdadlarımızın izlərini qoruyan bir yaddaş daşıyıcısı olduğunu
vurğulayır.


