Bakıda ilk dəfə Belçika müstəmləkəçiliyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Baş səhifə

Bakı. Trend:

Belçika müstəmləkəçiliyinə həsr edilmiş beynəlxalq tədbir ilk
dəfə olaraq Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilir.
Tədbirdə Belçikanın keçmiş müstəmləkələri – Konqo Demokratik
Respublikası, Ruanda və Burundidən olan nümayəndələr, diplomatlar
və rəsmi şəxslər iştirak edirlər.

Trend xəbər verir
ki, bu barədə Bakı Təşəbbüs Qrupu məlumat yayıb.

Ümumilikdə konfransa 8 ölkədən beynəlxalq hüquq üzrə
ixtisaslaşmış mütəxəssislər, tarixçilər, tədqiqatçılar, vətəndaş
cəmiyyəti fəalları və reparasiya məsələləri üzrə ekspertlər
qatılıb. İştirakçılar Belçikanın müstəmləkə cinayətlərini, onun
neokolonial siyasətini və müstəmləkəçilikdən irəli gələn
kompensasiya (reparasiya) məsələlərini müzakirə edirlər.

Bakı Təşəbbüs Qrupu beynəlxalq hüquq çərçivəsində Belçikanın
müstəmləkələrində törətdiyi cinayətlərə görə kompensasiya tələbinin
beynəlxalq səviyyəyə çıxarılması və bu mövzunun beynəlxalq
təşkilatların gündəliyinə salınması istiqamətində fəaliyyət
göstərir.

Tarixi faktlara görə, Belçika müstəmləkəçiliyi Konqo Demokratik
Respublikasında 10 milyon insanın ölümünə, on minlərlə insanın əlil
qalmasına və ölkənin mədəni sərvətlərinin talan edilməsinə səbəb
olub. Ruanda və Burundidə isə Belçika 1933-cü ildə 600 min etnik
kimlik kartı paylayaraq etnik bölünməni dərinləşdirib, bu da
sonradan 1972 və 1994-cü illərdə baş verən soyqırımlara zəmin
yaradıb.

Bundan əlavə, 1940–1950-ci illərdə 20 min métis uşaq
ailələrindən zorla alınaraq Belçikaya aparılıb. Hazırda Belçikada
yerləşən Tervuren Muzeyində müstəmləkə dövründə talan edilmiş 180
min artefakt saxlanılır, onlardan 40 mindən çoxu Ruandadan
aparılmış mədəni nümunələrdir.

BMT-nin 2019-cu ildə dərc etdiyi hesabatda Belçikanın müstəmləkə
altında saxladığı ölkələrə vurduğu ziyanın araşdırılması üçün
xüsusi komissiyanın yaradılması, arxivlərin açılması və
reparasiyaların ödənilməsi tövsiyə olunur. Hesabatda Konqo
Demokratik Respublikası üçün 500 milyard avro, Burundi üçün isə 36
milyard avro təzminat tələb edilir.

Hazırda da Belçika keçmiş müstəmləkə ərazilərində resurslara,
xüsusilə kobalt mədənlərinin 80 faizinə nəzarəti saxlayaraq
neokolonial istismar siyasətini davam etdirir.