Azərbaycan və Oman ikitərəfli əməkdaşlığı müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Oman Sultanlığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər
naziri Sayid Bədr ibn Həməd ibn Hammud Albusəidi ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə,
ikitərəfli görüş, daha sonra çoxtərəfli tərkibdə davam edib.

Görüş zamanı Azərbaycan-Oman ikitərəfli və çoxtərəfli əməkdaşlıq
gündəliyində yer alan aktual məsələlər və əməkdaşlıq
perspektivləri, habelə regional vəziyyət müzakirə edilib.

Azərbaycan və Oman arasındakı ənənəvi dostluq münasibətlərinin
mövcud inkişaf səviyyəsi yüksək qiymətləndirilib, qarşılıqlı
səfərlərin intensivləşdirilməsi, Xarici İşlər Nazirlikləri arasında
siyasi məsləhətləşmələrin müntəzəmliyinin təmini və ikitərəfli
hüquq-müqavilə bazasının güncləndirilməsinin əhəmiyyəti
vurğulanıb.

BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı kimi
çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı etimad və dəstəyə
əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırılıb.

İqtisadi əməkdaşlıq məsələlərinə toxunularaq, ikitərəfli ticarət
dövriyyəsinin həcminin artırılması, qarşılıqlı investisiyaların
stimullaşdırılması, energetika, nəqliyyat-kommunikasiya, kənd
təsərrüfatı, su resurslarının idarəçiliyi, alternativ enerji,
turizm, səhiyyə və digər sahələrdə birgə layihələrin həyata
keçirilməsi imkanları müzakirə edilib.

Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun yaradılmasının
ölkələrimiz arasında birgə layihələrin icrasına əhəmiyyətli töhfə
verəcəyinə dair əminlik ifadə olunub.

Görüş zamanı həmçinin Yaxın Şərqdə vəziyyət, ölkəmizin
post-münaqişə dönəmində sülh və sabitliyin təmin edilməsi
istiqamətində addımları, eləcə də qarşılıqlı maraq doğuran digər
regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.

Daha sonra, nazirlər tərəfindən “Azərbaycan Respublikası
Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi
və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi
haqqında Saziş” və “Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi ilə Oman Sultanlığının Xarici İşlər Nazirliyi arasında
konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”
imzalanıb.

Eyni gündə, xarici işlər nazirləri Azərbaycan Respublikasının
Oman Sultanlığının paytaxtı Maskat şəhərində Səfirliyinin rəsmi
açılış mərasimində iştirak edib, Səfirliyin binası ilə tanış
olublar.