Bu ilin 9 ayında 37 anbar üzrə uyğunsuzluqlar aşkar edilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bitki
mühafizəsi, pestisidlərin idarə olunması və fitosanitar nəzarət
sahəsində kompleks tədbirlər həyata keçirilib.

Trend xəbər
verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində
pestisidlərin və aqrokimyəvi maddələrin saxlanması ilə bağlı
Agentliyə 94 müraciət daxil olub, onlardan 57 anbar üzrə rəy
verilib, 37 anbar üzrə isə uyğunsuzluqlar aşkar edildiyindən rəy
verilməsindən imtina olunub.




Bununla yanaşı, AQTA ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı (FAO) arasında əməkdaşlıq çərçivəsində icra olunan
“Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin
idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən
pestisidlərin zərərsizləşdirilməsi” layihəsi üzrə işlər uğurla
davam etdirilir.

Qeyd edək ki, AQTA tərəfindən ötən il ərzində Ağstafa və
Beyləqan rayonlarından 747 ton, cari il ərzində isə Samux, Füzuli
və İmişli rayonlarından 1351 ton istifadəyə yararsız pestisid və
həmin maddələrlə çirklənmiş torpaq qatının daşınması və “Cəngi
pestisid poliqonu”nda yerləşdirilməsi təmin olunub.

Eyni zamanda, müvafiq nazirliklərin nümayəndələrinin iştirakı
ilə ölkə üzrə pestisid və aqrokimyəvi maddələrin istehsalı,
saxlanması və satışı ilə məşğul olan 278 obyektə baxış keçirilib.
Monitorinqlər nəticəsində qanunvericilik tələblərinin pozulduğu
müəssisələrdə fitosanitar nəzarət tədbirləri həyata keçirilmiş,
aşkar olunan nöqsanların aradan qaldırılması məqsədilə sahibkarlara
müvafiq təlimatlar verilib.