102 yaşın mübarək, qardaş!

Baş səhifə

Bu gün Türkiyə Cümhuriyyətinin yaradılmasının 102 ili tamam olur.

Modern.az xatırladır ki, Anadolu torpaqlarının işğaldan azad edilməsindən sonra Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyətin elan olunduğunu bəyan edib.

Bu qərarla türk xalqı tarixində yeni bir səhifə açıb və “Hakimiyyət qeyd-şərtsiz millətindir” prinsipi dövlət idarəçiliyinin əsasına çevrilib.

1923-cü ilin iyulunda imzalanan Lozanna müqaviləsi ilə yeni Türk dövlətinin beynəlxalq səviyyədə tanınması təmin olunub. Oktyabrın 13-də Ankara Türkiyənin rəsmi paytaxtı elan edilib. Bununla da dövlətin idarə üsulunun aydın şəkildə müəyyənləşdirilməsi zərurəti yarandı.

1923-cü il oktyabrın 28-də Mustafa Kamal Çankaya köşkündə yaxın silahdaşları bir araya gəlib və ertəsi gün Cümhuriyyət elan edilib.

Elə həmin gün keçirilən gizli səsvermə ilə Mustafa Kamal Atatürk Türkiyənin ilk prezidenti seçilib.

1924-cü il oktyabrın 29-da ilk dəfə rəsmi bayram tədbirləri keçirilib. 1925-ci il fevralın 2-də qəbul edilən qanunla 29 oktyabr “milli bayram” elan olundu. O vaxtdan bəri Türkiyə xalqı hər il bu günü coşğu ilə qeyd edir.

Türkiyə Cümhuriyyəti bu gün də Atatürkün “hakimiyyət millətindir” prinsipinə sadiq qalaraq, müasirlik və demokratiya yolunda addımlamağa davam edir.