
Bakı. Trend:
Dünya azərbaycanlılarının proqramı olan “Vətən uzaqda deyil”
proqramının növbəti buraxılışı Yaponiyada çəkilib və veriliş bu
ölkənin məşhur azərbaycanlı alimi Xəlil Kələntərə həsr edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Xəlil Kələntər
40 ildən çoxdur ki, Yaponiyada yaşayır.
O, təhsilini Yaponiyanın Toyohaşi Texnologiya Universiteti,
Nagoya Universiteti və Tohoku Universitetlərində alıb. Soydaşımız
ilk elmi dərəcəsini Toyohaşi Texnologiya Universitetində, ikinci
elmi dərəcəsini isə Tohoku Universitetində alıb.
Yaponiya vətəndaşı olan professor Xəlil Kələntər dünyada ilk
dəfə işıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorlu
optik lövhələrin müəllifidir. LCD işıqlandırılmasında istifadə
olunan işıq şüaları üçün 2007-ci ilin mayında kəşf etdiyi yeni
optik-dizayn metoduna görə xüsusi mükafata layiq görülüb.
Soydaşımız hazırda dünyaca məşhur şirkətlərin birində baş
tədqiqatçıdır.
Yalnız Yaponiyada deyil, Amerika, Asiya və Avropada elektronika,
yeni nəsil displey ekranlar sahəsində qabaqcıl mütəxəssis kimi
tanınan Xəlil Kələntərə bu sahələrdə apardığı geniş tədqiqatlara
görə beynəlxalq konfranslarda Yaponiyanı təmsil etmək hüququ
verilib.
Xəlil Kələntərə həsr olunan veriliş Diaspor TV-də və İctimai
TV-də yayımlanıb. Xatırladaq ki, “Vətən uzaqda deyil” verilişi
Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi Youtube kanalı Diaspor
TV ilə İctimai TV-nin ortaq layihəsidir və artıq 8 ildir ki,
İctimai TV-də də yayımlanır.
Verilişi aşağıdakı linkə daxil olaraq izləmək olar:

