Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək

Baş səhifə

Bakı.Trend:

3-5 noyabr tarixlərində Azərbaycan Mədəniyyət Elçilərinin I
Forumu keçiriləcək. Forum Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı
ilə Türkiyənin Antalya şəhərində reallaşacaq.

Trend xəbər
verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, forumun məqsədi mədəniyyət elçiləri və onların
şəbəkəsi vasitəsilə mədəniyyətimizin beynəlxalq səviyyədə
mütəşəkkil təbliği, xaricdə yaşayan mədəniyyət xadimlərinin
fəaliyyətinin stimullaşdırılması, incəsənət və yaradıcılıq
sahələrinin inkişafına əlavə dəstəyin verilməsidir. Xaricdəki
Azərbaycan Mədəniyyət mərkəzləri və Azərbaycan evlərinin daha sıx
əməkdaşlığına nail olunması da forumun hədəfləri sırasındadır.




Forum çərçivəsində “Mədəniyyət elçiləri” rəqəmsal portalı və “Milli dilli” layihəsinin təqdimatı keçiriləcək.
Tədbir gedişində üç panel müzakirənin təşkili, eləcə də xaricdəki
Azərbaycan Mədəniyyət mərkəzləri və Azərbaycan evlərinin hesabat
iclaslarının təşkili nəzərdə tutulur.

Həmin ərəfədə Antalyada keçirilən “Mədəniyyət Yolu” Festivalında
Azərbaycan incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı
da planlaşdırılır.