
Bakı. Trend:
25-26 oktyabr 2025-ci il tarixində Vyetnamın paytaxtı Hanoy
şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT)
“Kibercinayətkarlığa qarşı” Konvensiyasının dövlətlər tərəfindən
təntənəli imzalanma mərasimi keçirilib.
Trend
xəbər verir ki, tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş,
Vyetnamın Prezidenti Lıonq Kıonq, ayrı-ayrı dövlətlərin nümayəndə
heyətlərinin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri və
ekspertlər iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
müvafiq Sərəncamına əsasən, Konvensiyanı Azərbaycan Respublikası
adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik
Əli Nağıyev imzalayıb.
Azərbaycanın Konvensiyanı ilk imzalamış ölkələrdən biri olması
cənab Ali Baş Komandanın rəhbərliyi ilə Respublikamızın
kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığa və
qlobal kibermühitin təhlükəsizliyinin təmin edilməsinə verdiyi
töhfənin göstəricisidir.
Beynəlxalq sənəddə kibercinayətkarlıqla mübarizədə dövlətlər
arasında hüquqi əməkdaşlığın təmin edilməsi,
informasiya-kommunikasiya texnologiyalarından sui-istifadənin
qarşısının alınması, elektron sübutların toplanması və təqdim
edilməsi mexanizmlərinin beynəlxalq səviyyədə tənzimlənməsi əsas
məqsədlər kimi qeyd olunub.
Konvensiya 2025-ci ilin 25-26 oktyabr tarixlərində ümumilikdə 72
ölkə tərəfindən imzalanıb.

