“Art Weekend” çərçivəsində Söz multidisiplinar mərkəzinin 3 layihəsi təqdim olunacaq (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 31-dən noyabrın 2-dək paytaxtda “Bakıya Uçuş.
İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (“Fly to Baku. Art Weekend.
Sense the Future NOW”) adlı möhtəşəm İncəsənət Festivalı
keçiriləcək.

Trend xəbər verir
ki, bu tədbir incəsənəti, mədəniyyəti və ekologiyanı bir araya
gətirəcək.

Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin
təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə
gerçəkləşdirilir. Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev
Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla
Əliyevadır.

Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq və
kəşflərin canlı səhnəsinə çevirəcək. Festivalda xüsusi diqqət
okeanlar və dənizlərdəki ekoloji vəziyyətə incəsənət dili
vasitəsilə yönəldiləcək. Festivalın əsas mövzusu həyatın,
yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Su –
davamlılığın, yenilənmənin və ümumi yaddaşın simvolu kimi “Art
Weekend”in əsas elementi seçilib.

Festivalın əsas mövzusu – həyatın, yenilənmənin və dayanıqlı
inkişafın rəmzi olan sudur. Davamlılıq, yenilənmə və kollektiv
yaddaşı təcəssüm etdirən su, “Art Weekend”in əsas elementi kimi
seçilib və bu, Azərbaycanın beynəlxalq incəsənət ictimaiyyəti ilə
mənalı dialoquna töhfə verəcək.

Layihə çərçivəsində Söz multidissiplinar mərkəzinin yaradıcısı,
şairə Nigar Həsənzadə tərəfindən üç maraqlı təqdimat keçiriləcək.
Hər bir multidissiplinar proqram xüsusi olaraq bu festival üçün
hazırlanıb və tədbirlər XX–XXI əsr Azərbaycan rəngkarlığı muzeyində
baş tutacaq.




“Hamımız ölkəmizin mədəni həyatında mühüm əhəmiyyət daşıyan bu
möhtəşəm festivalın başlanmasını səbirsizliklə gözləyirik.
Komandamız adından hər kəsi bu unudulmaz təəssüratlarla yadda
qalacaq böyük bayramın qonağı olmağa dəvət edirik,”- deyə Nigar
Həsənzadə Trend-ə bildirib.

İlk tədbir 1 noyabr saat 18:00-da başlayacaq.
Bu, “Savalan” və “Çardaq” qrupları tərəfindən etno-sufi musiqisi və
melodramatik deklamasiya axşamı olacaq. Tədbir iştirakçılara
unudulmaz emosiyalar bəxş edəcək. Vokalçıların duyğulu səsləri,
böyük şərq şairlərinin sehrli misraları və canlı instrumental
musiqi unikal atmosfer yaradacaq.

İkinci tədbir 2 noyabr saat 17:00-da
keçiriləcək və burada Azərbaycan Dövlət Uşaq Filarmoniyasının
şagirdləri çıxış edəcək. Bu proqram Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın şeirlərindən ilhamlanıb. 45
dəqiqəlik uşaq proqramında rəqs, musiqi, vokal, deklamasiya, bədii
gimnastika və aktyorluq sənəti nümayiş olunacaq. Gənc nəslin
səmimiyyətinə, enerjisinə və istedadına heç bir tamaşaçı biganə
qalmayacaq.

Və nəhayət, 2 noyabr saat 18:00-da beynəlxalq
poeziya axşamı baş tutacaq. Tədbirə dünyanın tanınmış şairləri –
Manuel Ayris (ABŞ), Luis Felipi Sarmentu (Portuqaliya), Həsən Nacmi
(Mərakeş) və Ataol Bəhramoğlu (Türkiyə) dəvət olunublar. Xarici
şairlərlə yanaşı, Azərbaycan poeziyasının ustadları – Vahid Əziz,
Sabir Rüstəmxanlı və Vaqif Bəhmanlı da çıxış edəcəklər.

Giriş sərbəstdir. Qeydiyyat üçün bu ünvana daxil ola bilərsiniz:
https://bakuartweekend.az/az/register/