
Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan ASCO-ya məxsus “Akademik Tofiq
İsmayılov” dalğıc gəmisi “Şahdəniz” layihəsi çərçivəsində
əməliyyatlara başlayıb. Bu məqsədlə ASCO ilə Şahdəniz layihəsinin
operatoru olan bp şirkəti arasında müvafiq müqavilə imzalanıb.
ASCO-dan Trend-ə verilən məlumata görə, “Akademik Tofiq
İsmayılov” layihə üzrə həm növbətçi gəmi funksiyasını icra edəcək,
həm də sualtı infrastrukturun inspeksiyası, texniki xidməti və
təmiri ilə bağlı məsafədən idarə olunan əməliyyatlarda iştirak
edəcək.
Bildirilib ki, əməliyyatlara hazırlıq çərçivəsində gəmi
Bibiheybət Gəmi Təmiri Zavodunda təmir olunaraq, uğurla klas
yoxlamasından keçib. Daha sonra DP (Dynamic Positioning – dinamik
mövqe saxlama) sistemi üzrə dəniz sınaqları aparılıb və helikopter
meydançası sertifikatlaşdırılıb.
Sifarişə əsasən, gəmidə dəniz təsnifat cəmiyyətinin tələblərinə
uyğun olaraq ROV/MİOQ (Remotely Operated Vehicle – Məsafədən İdarə
Olunan Qurğu) üçün platforma, həmçinin qurğuya xidmət edən
generatorlar üçün ikinci platforma quraşdırılıb. Bu işlər ASCO-nun
Zığ Gəmi Təmiri və Tikintisi Zavodunun Gəmi Təmiri Bölməsi
tərəfindən icra edilib.


