
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 33,3 min ton ət
idxal edilib.
Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda ətin
idxalına 75,8 milyon ABŞ dolları vəsait xərclənib.
Ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə
8,1 min ton və ya 19,5%, dəyər ifadəsi ilə isə 14,7 milyon ABŞ
dolları, yaxud da 16,3% azalıb.
Hesabat dövründə ət idxalı ölkənin ümumi idxalında 0,45% paya
sahib olub.
Eyni zamanda cari ilin ilk doqquz ayında Azərbaycandan 942 min
ABŞ dolları dəyərində ət və qida üçün yararlı ət əlavələri ixrac
edilib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə
263 min ABŞ dolları və ya 21,8% azdır.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında quş əti də daxil
olmaqla diri çəkidə 434,3 min ton ət, 1,699 milyon ton süd, 1,789
milyard ədəd yumurta, 14,6 min ton yun, 186,6 ton barama istehsal
olunub, 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 1,9
faiz, ət istehsalı 1,2 faiz, süd istehsalı 0,3 faiz artmış, yun
istehsalı 1,3 faiz, barama istehsalı 22,1 faiz azalıb.


