AYİB Şəkidə su təchizatı sisteminin modernləşdirilməsinə dəstək olacaq

Baş səhifə

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Şəki şəhərində və
yaxın yaşayış məntəqələrində su təchizatı, kanalizasiya və yağış
sularının idarə olunması sistemlərinin yaxşılaşdırılması
layihəsinin həyata keçirilməsi üçün 89 milyon avroya qədər suveren
kredit ayıracaq.

Trend bu barədə
AYİB-ə istinadən xəbər verir.

Qeyd olunur ki, AYİB su təchizatı, tullantı sularının axıdılması
və yağış sularının kanalizasiya sistemlərinin müasir şəbəkələrinin,
eləcə də şəhər və kənd əraziləri üçün bioloji təmizləmə
qurğularının tikintisini maliyyələşdirəcək. Layihə Şəki şəhərini,
eləcə də yaxınlıqdakı Oxud, Kiş və Qoxmuq kəndlərini əhatə
edəcək.




“Layihənin məqsədi əhalinin fasiləsiz şəkildə keyfiyyətli içməli
suya çıxışını təmin etmək, tullantı sularının təmizlənməsi
sisteminin səmərəliliyini artırmaq, həmçinin daşqın risklərinə
qarşı infrastrukturun dayanıqlığını gücləndirməkdir.

Layihənin həyata keçirilməsi ətraf mühitin çirklənmə səviyyəsini
əhəmiyyətli dərəcədə azaltmağa, səthi suların keyfiyyətini
yaxşılaşdırmağa və regionun iqlim dəyişikliklərinin nəticələrinə
qarşı dayanıqlığını artırmağa imkan verəcək.

Layihənin ümumi dəyəri 93 milyon avro təşkil edir. Borcalan
tərəf Azərbaycan, benefisiar isə Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyidir”, – məlumatda qeyd olunur.