Deputatlar barəsindəki təhrif olunmuş məlumatlar informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin vacib hissəsi olduğunu göstərir – Ceyhun Məmmədov

Baş səhifə

Bakı. Trend:

Son günlərdə yayılan bir sıra təxribat xarakterli məlumat və
açıqlamalar bir daha göstərir ki, informasiya təhlükəsizliyi
mövzusu təkcə mütəxəssislərin deyil, hər bir vətəndaşımızın diqqət
mərkəzində olmalıdır.

Trend xəbər
verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin
bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bu gün informasiya dünyada sadəcə
məlumat ötürmə vasitəsi deyil, ən güclü strateji silah kimi
istifadə olunur. Bu mənada məlumatların kim tərəfindən, hansı
məqsədlə və necə paylaşılması milli təhlükəsizliyimiz üçün həyati
əhəmiyyət daşıyır:

“Bu bir danılmaz faktdır ki, yalan və ya təhrif edilmiş
məlumatlar təkcə fərdlərin deyil, bütövlükdə cəmiyyətin zərərinə
işləyə bilər. Bu gün informasiya müharibəsi adi silahlı
qarşıdurmalardan daha gizli, lakin daha təhlükəlidir. Bu gün
təəssüf ki, sosial şəbəkələrdə və müxtəlif platformalarda
məsuliyyətsiz paylaşımlar etmək, yoxlanılmamış xəbərlər yaymaq adi
hala çevrilib. Bunu biz ən açıq şəkildə İkinci Qarabağ Müharibəsi
zamanı da gördük. Ölkəmizə qarşı hərbi əməliyyatlarla yanaşı, güclü
informasiya müharibəsi də aparılırdı. O dövrdə bəzi saxta xəbərlər
və yanlış paylaşımlar cəmiyyətin psixoloji durumuna təsir etmək,
ordumuzun iradəsini zəiflətmək və xalqımız arasında çaşqınlıq
yaratmaq məqsədi daşıyırdı. Lakin Prezident İlham Əliyevin
qətiyyətli mövqeyi, dövlətimizin koordinasiyalı fəaliyyəti və doğru
informasiya axınını təmin etməsi bu cəhdləri boşa çıxardı”.




C.Məmmədovun sözlərinə görə, regionda baş verən proseslər,
qlobal güclərin maraqları, ölkəmizə qarşı təxribatçı kampaniyalar,
deputatlar barəsində yayılan təhrif olunmuş məlumatlar bir daha
göstərir ki, informasiya təhlükəsizliyi milli təhlükəsizliyin
ayrılmaz hissəsidir:

“Bu səbəbdən hər bir vətəndaşımız üzərinə düşən məsuliyyəti
ciddi dərk etməli, paylaşdığı hər xəbərin mənbəyini yoxlamalı,
yalnız rəsmi və etibarlı məlumatlara güvənməlidir.

Eyni zamanda təxribat xarakterli yazılara, saxta hesablardan
yayılan məlumatlara alət olmamalı, özləri ilə yanaşı,
ətraflarındakı insanları da informasiyadan düzgün istifadəyə təşviq
etməlidirlər.

Heç kim unutmamalıdır ki, informasiya silahı ya bizim gücümüzə
güc qatır, ya da əleyhimizə çevrilir. Seçim bizim əlimizdədir. Hər
bir vətəndaşımız diqqətli olmalı, dövlətimizin maraqlarını,
xalqımızın təhlükəsizliyini qorumağı ən ümdə vəzifəsi bilməlidir.
Heç kimin ölkəmizin informasiya məkanını çirkləndirməsinə,
qələbəmizə xələl gətirməsinə icazə verməməlidir”.