
Bakı. Trend:
Dabaq xəstəliyi ictimai sağlamlıq üçün təhlükə
yaratmır. Bu xəstəlik çox nadir hallarda
insanlara yoluxa bilər. Tarix boyu insanların dabağa yoluxması
halları çox az qeydə alınıb. Belə yoluxmalar
adətən birbaşa xəstə heyvanla intensiv təmas
zamanı baş verir — yəni insan virusla çirklənmiş sekresiyalarla
uzunmüddətli təmasda olduqda. Bununla belə, bu
hallar istisnadır və insanın dabağa yoluxması ilə bağlı
epidemioloji risk çox aşağıdır.
Bu fikirləri Trend-ə Aqrar
Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri
Mərkəzinin rəis müavini Yusif İbrahimov
bildirib.
O qeyd edib ki, insanların çiy ətlə təması nəticəsində dabaq
xəstəliyinə yoluxması elmi cəhətdən sübut
olunmayıb: “Qida yolu ilə bu virusun insan orqanizminə
keçməsi demək olar ki, mümkün deyil. Çünki ət və
ət məhsulları termiki emaldan — yəni bişirmə, qızartma və
s. proseslərdən keçdikdə virus tamamilə məhv
olur. Buna görə də vətəndaşlara ət məhsullarını
qaydalara uyğun bişirməyi, həmçinin
baytarlıq nəzarətindən keçməmiş heyvan məhsullarından
istifadə etməməyi tövsiyə edirik. Fermerlərimizə isə
tövsiyəmiz odur ki, kənd təsərrüfatı heyvanları ilə təmas zamanı
sanitariya-gigiyena qaydalarına ciddi əməl
etsinlər. Əgər xəstə heyvana təmas olubsa,
əllərini və geyimlərini yaxşıca
təmizləsinlər.”
Yusif İbrahimov əlavə edib ki, dabaq xəstəliyi əsasən
heyvanlar üçün təhlükəli olan bir xəstəlikdir və
insanlar üçün ciddi risk yaratmır: “Bir daha
mütəxəssis kimi əminliklə bildirirəm ki, çiy ət vasitəsilə
virusun insanlara keçməsi praktik olaraq
qeyri-mümkündür.”


