Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək – Yusif Cabbarov

Baş səhifə

Bakı. Trend:

“NEQSOL Holding”in tərkibinə daxil olan “Vodafone Ukrayna”
şirkəti “Vodafone Group” ilə birgə Avropa ilə Asiyanı birləşdirəcək
yeni, yüksək tutumlu Qara dəniz sualtı kabel sisteminin inşasına
başlayacaq.

Kardesa adlanan sualtı kabel sistemi Bolqarıstanı, Türkiyəni,
Gürcüstanı və Ukraynanı birləşdirməklə bölgədə rəqəmsal
marşrutların müxtəlifliyini gücləndirəcək. Tikinti işləri
tamamlandıqdan sonra bu sistem region ölkələrində istifadəçilər
üçün internetin etibarlılığını, dayanıqlılığını və sürətini
əhəmiyyətli dərəcədə artıracaq, həmçinin investisiyaların cəlb
edilməsinə və rəqəmsal iqtisadiyyatın sürətli inkişafına töhfə
verəcək.

İlk qoşulmanın 2027-ci ildə Bolqarıstanda həyata keçirilməsi
planlaşdırılır, daha sonra isə Türkiyə, Gürcüstan və Ukraynada
bağlantıların qurulması nəzərdə tutulur. Ukrayna ərazisində tikinti
işləri yalnız beynəlxalq səviyyədə tanınmış təhlükəsiz zonalarda
aparılacaq.

Ümumi investisiya həcmi 100 milyon avrodan çox olan layihə
yüksək tutumlu sualtı texnologiyalar sahəsində dünya lideri olan “Xtera” şirkəti tərəfindən həyata keçiriləcək. Kardesa sistemi Qara
dəniz regionuna saniyədə 500 terabitdən çox ötürmə qabiliyyəti ilə
5G, süni intellekt (AI), striminq xidmətləri və Əşyaların İnterneti
(IoT) kimi texnologiyaların genişlənməsi şəraitində sürətlə artan
qlobal internet tələbatını qarşılamağa imkan verəcək.




Hazırda sualtı kabel sistemləri beynəlxalq internet trafikin
təxminən 97–98%-ni təmin edir, bu isə hər yeni marşrutu qlobal
rəqəmsal iqtisadiyyatın dayanıqlılığı üçün son dərəcə vacib
edir.

“Kardesa layihəsi daha dayanıqlı və sürətli bağlantıya malik
rəqəmsal gələcəyin qurulması istiqamətində mühüm addımdır. Avropa
və Asiyanı yeni nəsil infrastruktur vasitəsilə birləşdirən bu
təşəbbüs Qara dəniz regionunda innovasiyaların, ticarətin və
iqtisadi artımın təməlini möhkəmləndirir. Biz Vodafone Group ilə
tərəfdaşlığımızı yüksək qiymətləndiririk və bu layihənin bizim
texnoloji inkişaf və dayanıqlı rəqəmsal əlaqələrin genişlənməsinə
yönəlmiş missiyamıza tam uyğun olduğunu düşünürük,” – deyə “NEQSOL
Holding”in sədri Yusif Cabbarov bildirib.

“NEQSOL Holding” 11 ölkədə telekommunikasiya, enerji, tikinti,
mədənçıxarma və yüksək texnologiyalar sahələrində fəaliyyət
göstərən beynəlxalq şirkətlər qrupudur. İnnovasiyalar və
məsuliyyətli investisiya strategiyasına əsaslanaraq, “NEQSOL
Holding” uzunmüddətli dəyərin davamlı yaradılmasını təmin edir və
fəaliyyət göstərdiyi bazarların inkişafına töhfə verir.