
Bakı. Trend:
Gürcüstan Avropa ilə Asiyanın, Şərqlə Qərbin birləşməsində
strateji rol oynayır.
Trend xəbər verir
ki, bunu Gürcüstanın baş naziri İrakliy Kobaxidze Tbilisidə
keçirilən 5-ci İpək Yolu Forumunda çıxışında deyib.
“Gücüstan Qara dənizi Xəzər dənizi ilə birləşdirir və biz bu
istiqamətdə ölkəmizin potensialını tam olaraq gerçəkləşdirmək üçün
bütün lazımı səyləri göstəririk”, – deyə Kobaxidze vurğulayıb.
Baş nazir son onillikdə əldə olunan mühüm irəliləyişləri də qeyd
edib.
“2023-cü ildə ölkəmiz vasitəsilə həyata keçirilən tranzit
daşımalarının həcmi əvvəlki illə müqayisədə 15 faiz artıb. Enerji
əlaqələrinə gəldikdə isə, Xəzər regionundan Qərb istiqamətində
Gürcüstan üzərindən 12 milyard kubmetrdən çox təbii qaz nəql
olunur. Bu göstəricilər təkcə Gürcüstanın iqtisadi artımına töhfə
vermir, həm də dünyanın müxtəlif ölkələri arasında iqtisadi
əlaqələrin möhkəmlənməsinə xidmət edir”, – deyə o bildirib.
Kobaxidze həmçinin, Gürcüstanın regional enerji və rəqəmsal
mərkəzə çevrilmək niyyətini vurğulayıb. “Əsas layihələrdən biri
Qara dənizin dibi ilə çəkilən kabeldir. Bu layihəni
tərəfdaşlarımızla birgə həyata keçiririk. Layihə Gürcüstanın
tranzit qovşağı kimi rolunu daha da möhkəmləndirəcək”, – deyə
gürcüstanlı baş nazir qeyd edib.
Baş nazir qonşu ölkələrlə və strateji tərəfdaşlarla əməkdaşlığın
vacibliyinə də diqqət çəkib.
“Biz siyasi və strateji baxımdan Azərbaycan, Türkiyə və
Ermənistanla əməkdaşlıq edirik və bu əlaqələri inkişaf etdirməkdə
qərarlıyıq. Mərkəzi Asiya da bizim prioritetlərimiz sırasındadır və
biz ticarət, nəqliyyat və digər əməkdaşlıq sahələrində həmin
regiondakı bütün ölkələrlə əlaqələr qurmağa çalışırıq”,- deyə
Kobaxidze qeyd edib.


