AİB Azərbaycandan su təsərrüfatı ilə bağlı 7 layihənin dəstəklənməsi üçün müraciət alıb

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycandan su təsərrüfatı
sektorunda yeddi layihənin dəstəklənməsi ilə bağlı müraciət
alıb.

Bunu AİB-in Cənubi Asiya departamentinin Şəhərsalma və Su
ehtiyatları bölməsinin direktoru Norio Sayto Trend-ə verdiyi özəl
müsahibədə deyib.

“Azərbaycanın Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi,
həmçinin Dövlət Su Ehtiyatları Agentliyi ilə məhsuldar müzakirələr
aparıldı. Biz yeddi layihə üzrə dəstək üçün müraciət aldıq. Söhbət
su ehtiyatlarının idarə edilməsinin gücləndirilməsi və
səmərəliliyinin artırılmasından, məsələn, mövcud su təmizləyici
qurğuların yenidən qurulması və ya mövcud su kəmərlərinin
modernləşdirilməsi ilə sistemlərin effektivliyinin artırılmasından
gedir”,- deyə o bildirib.

Sayto iki ay əvvəl Asiya İnkişaf Bankı (AİB) komandasının
ekspress-sahə tədqiqatı apararaq bu layihələrin aktuallığını
qiymətləndirdiyini xatırladıb.

“Mən hesab edirəm ki, yeddi layihənin hər biri həqiqətən də
vacib və aktualdır. Hazırda biz hökumətin yekun qərarını gözləyirik
– bu yeddi layihədən hansıların AİB dəstəyi ilə həyata
keçirilməsini istədiyini biləcəyik. Düşünürəm, hökumət həmçinin
digər tərəfdaşlara da müraciət edib. Hazırda onlar bu layihələrin
hansı hissəsinin AİB tərəfindən maliyyələşdirilməli olduğunu
nəzərdən keçirirlər. Dəqiq siqnal aldıqdan sonra komandamız daha
ətraflı diaqnostika aparacaq, çox güman, layihələrin smeta dəyərini
yeniləyəcək və həyata keçiriləcək tədbirlər üzrə “yol xəritəsi”nin
razılaşdırılmasını təmin edəcək”, – deyə o bildirib.

AİB nümayəndəsi bu sahədə Azərbaycana mümkün dəstəyin üç əsas
istiqamətini də qeyd edib.

“Birinci aspekt – səmərəlilikdir. Bu, Cənubi Asiya üçün
problematik sayılsa da, mən bildiyimə görə, elə Azərbaycan üçün də
aktualdır. Su təchizatı sisteminin təkmilləşdirilməsi dayanıqlığı
artıracaq. İkinci aspekt – inklüzivlikdir. Cənubi Asiyada və AİB-in
fəaliyyət göstərdiyi digər Asiya regionlarında biz su təchizatı və
kanalizasiya sistemlərinə fərdi təsərrüfat səviyyəsində qoşulmanı
təmin edirik ki, hər kəs bu sistemdən istifadə edə bilsin. Bu,
xüsusilə ictimai sağlamlıq baxımından çox vacibdir. Biz istəyirik
ki, bütün vətəndaşlara inklüziv və təhlükəsiz idarə olunan su
təchizatı və sanitar xidmətlər göstərilsin”, – deyə o əlavə
edib.

Saito qeyd edib ki, üçüncü aspekt dayanıqlılıqla bağlıdır.

“Dünyanın bir çox şəhərləri hazırda, məsələn, daşqın kimi
problemlərlə üzləşir. Amma əslində yağış və sel suları mühüm su
ehtiyatıdır. Bəzi ölkələrdə biz yeraltı suların bərpası
tədbirlərini dəstəkləyirik ki, yağış suları yeraltı su
təbəqələrində və ya xüsusi anbarlarda toplanaraq sonradan zərurət
yarandıqda istifadə olunsun. Bu yanaşmalardan bəziləri Azərbaycanda
da tətbiq edilə bilər”, – deyə o əlavə edib.

Hökumət və yerli hakimiyyət orqanları ilə tərəfdaşlıq
vasitəsilə dayanıqlı şəhər inkişafının təmin olunması

Sayto qeyd edib ki, dövlət sektoru ilə iş zamanı Asiya İnkişaf
Bankının (AİB) əsas tərəfdaşı milli hökumətdir.

“Lakin şəhər infrastrukturu ilə bağlı bir çox məsələlər yerli
hakimiyyət orqanlarının və ya bələdiyyələrin əsas rolunu tələb
edir. Onlar layihənin icraçısı qismində çıxış edə bilərlər. Artıq
planlaşdırma mərhələsində biz yerli hakimiyyətləri layihənin həyata
keçirilməsi üçün lokomotiv kimi cəlb edirik. Bəzi ölkələrdə
layihələr nazirliklər səviyyəsində həyata keçirilsə də, aktivlər
tez-tez yerli hakimiyyət orqanlarına və ya bələdiyyələrə verilir.
Belə hallarda vətəndaşlara uzunmüddətli və dayanıqlı xidmət
göstərilməsi üçün onların potensialının gücləndirilməsi son dərəcə
vacibdir”.




AİB nümayəndəsinin sözlərinə görə, digər vacib aspekt maraqlı
tərəflərin cəlb olunmasıdır. Bu təkcə yerli hakimiyyətlər deyil,
əhalini də əhatə edir.

“AİB layihənin hazırlanması mərhələsində yerli iştirakçılarla
qarşılıqlı əlaqə proseslərini tətbiq edir ki, əhali layihə haqqında
məlumatlı olsun və layihənin necə hazırlanmalı və həyata
keçirilməli olduğu barədə öz fikirlərini bildirə bilsin. Bu
fikirlər layihənin hazırlanması zamanı nəzərə alınır”, – deyə o
izah edib.

Şəhərlərdə su ehtiyatlarının dayanıqlı idarə olunması
üçün əsas strategiyalar

“Su ehtiyatlarına bütünlüklə baxmaq lazımdır – mənbədən dənizə
qədər: su haradan gəlir, necə istifadə olunur və necə təhlükəsiz
şəkildə utilizasiya olunur və ya təmizlənir. Bir çox ölkələrdə, o
cümlədən Azərbaycanda, su ehtiyatlarının 80%-dən çoxu kənd
təsərrüfatında istifadə olunur. Lakin bu sektor çox zaman
qeyri-səmərəli fəaliyyət göstərir. Bu problemin həlli, eləcə də
kənd təsərrüfatı və suvarma sistemlərinin effektivliyinin
artırılması olduqca vacibdir.”

Sayto bildirib ki, AİB şəhər səviyyəsində suyun istifadəsinin
səmərəliliyini də qiymətləndirir.

“Geri qaytarılmayan suyun (non-revenue water – yəni itirilən,
amma gəlir gətirməyən suyun) azaldılması mühüm rol oynayır. Bundan
əlavə, suyun nə dərəcədə effektiv və qənaətlə istifadə olunması da
önəmlidir”, – deyə o əlavə edib.

O vurğulayıb ki, daha bir vacib məsələ suyun
təmizlənməsidir:

“Çirkab sular mütləq təmizlənməlidir. Amma su ehtiyatları
getdikcə məhdudlaşdığına görə, təmizlənmiş və ya çirkab suların
yenidən istifadəsi məsələsi də nəzərdən keçirilməlidir — bu,
sənayedə, kənd təsərrüfatında, hətta içməli su kimi də istifadə
oluna bilər.”

İqlim dəyişikliyinə uyğunlaşmanın şəhər inkişafı
layihələrinə inteqrasiyası

Sayto qeyd edib ki, AİB layihələrin ilkin hazırlıq mərhələsində
iqlim riskləri və həssaslıq dəyərləndirməsini aparır.

“Bu qiymətləndirmə həssas sahələri müəyyən etməyə və onların
necə aradan qaldırıla biləcəyini anlamağa imkan verir. Bu, məsələn,
drenaj sistemi və ya həssaslıq yaradan digər amillər ola bilər.
Sonra isə layihə sənədlərində bu məqamlar nəzərə alınır ki, şəhər
və layihə bir sistem kimi öz dayanıqlılığını əhəmiyyətli dərəcədə
artıra bilsin”, – deyə o izah edib.