
Bakı.Trend:
Azərbaycanda son aylarda ətin qiymətlərində müşahidə olunan
artım ictimai diqqət mərkəzinə çevrilib. Hazırda ölkədəki
supermarketlərdə, eləcə də fərdi sahibkarlara məxsus ət
mağazalarında 1 kiloqram dana ətinin qiyməti 20 manata yaxındır,
quzu ətinin qiyməti isə 20 manatı ötüb.
Niyə Azəbaycanda ət bahalaşır?
Mövzuyla bağlı Trend-ə danışan İqtisadçı ekspert Cəfər İbrahimli
bildirib ki, ətin qiyməti Azərbaycanda bazar şərtlərinə uyğun
nizamlanır. Bununla bağlı hər hansı bir inzibati tənzimlənmə mövcud
deyil.
“Ətin qiymətinin dəyişməsi iqtisadi əsaslara söykənir. Burada
qiymətlərə tələb-təklif, idxal olunan məhsulların məbləği təsir
edir. Hazırda Azərbaycanda daha çox real qiymətləri dəqiqləşdirən
yerli ət məhsullarıdır”.
Cəfər İbrahimli qeyd edib ki, idxal olunan ət məhsullarına
tələbatda kifayət qədər artıb, amma yerli ət məhsullarına tələb
daha çoxdur.
“Son 3-4 ildə heyvandarlığın yem bazasının qiymətlərinin kifayət
qədər artmasını müşahidə edirik. Bu da təklif olunan ət
məhsullarının qiymətinə təsir edir. Bazarda formalaşan qiymətlər də
son illər artan xətt üzrə inflyasiya rəqəmləri paralelində davam
edir”,- iqtisadçı ekspert əlavə edib.
İqtisadçı ekspert Xalid Kərimli Trend-ə açıqlamasında bildirib
ki, ölkədə ətin bahalaşması davam edir:
Bunun əsas səbəblərindən biri bahalaşan ətin qiymətləri fonunda
istehlakın azalmaması, əksinə artmasıdır. Qiymətlərin stabilləşməsi
üçün tələbatın azalması lazımdır, lakin artan qiymətləri əhali
qarşılaya bilir. Bununla da yeni bazar tarazlıqları formalaşır.
Qiymətlərin artmasının digər səbəbi saxlanılan heyvanların sayında
azalmanın olmasıdır.
X.Kərimli qeyd edib ki, 2021-ci ilin yanvarı ilə və müqayisədə
2025-ci ilin iyulunadək olan rəqəmləri müqayisə etsək, görərik ki,
həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların sayında azalma
var.
“2021-ci ilin yanvarında ölkədə iribuynuzlu heyvan sayı 2651000
idisə, 2025-ci ilin iyulunda bu rəqəm 7,4% azalaraq 2454000 baş
olub”.
İqtisadçı ekspert bildirib ki, qiymətlərin tənzimlənməsində
təbii ki, idxal da mühüm rol oynayır.
“Ötən illə müqayisədə bu ilin yanvar-may aylarında ölkəyə idxal
edilən ətin həcmində 11%-dək azalma var. İdxal olunan ətin
tonnajında qiymət azalması müşahidə olunmaqdadır. Bu da əsasən, quş
ətinin ucuzlaşması hesabınadır. Ötən il ölkəyə idxal edilən ətin
ortalama qiyməti 2185 dollar idisə, bu rəqəm hazırda 2063
dollardır. Saxlanılan heyvanlarının sayının azalmasının davam
etməsi, ət idxalının azalması, tələbatın isə stabil artımla
müşahidə olunması bazarda qiymətləri artırır”,- X.Kərimli qeyd
edib.


