
Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 5 ölkədən dəyəri
70,455 milyon ABŞ dolları olan 83,4 min ton mühərrik benzinləri,
tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya
daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə (Aİ-95) benzin
idxal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
həcm ifadəsində 36,5 min ton və ya 1,8 dəfə, dəyər baxımından isə
26 milyon ABŞ dolları və ya 58,4% çoxdur.
Eyni zamanda hesabat dövründə Azərbaycandan cəmisi bir ölkəyə –
Gürcüstana dəyəri 2,8 milyon ABŞ dolları olan 4,2 min ton “Aİ-95”
markalı benzin ixrac edilib. Qeyd edək ki, sözügedən ölkədən
Azərbaycana bir neçə ildir ki, “Aİ-95” markalı benzin tədarük
edilmirdi.
Ötən ilin eyni dövründə Azərbaycandan xarici ölkələrə “Aİ-95”
markalı benzin ixracı qeydə alınmayıb.
2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın “Aİ-95” markalı
benzin aldığı ölkələr:
Ölkələr | Miqdar (ton) | Məbləğ (min ABŞ dolları) |
Belarus | 6964,55 | 8833,38 |
Rusiya | 51705,95 | 49196,54 |
Bolqarıstan | 1400,24 | 1173,08 |
Rumıniya | 11664,79 | 10015,67 |
Gürcüstan | 1499,08 | 1236,46 |
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 946,4
min ton avtomobil benzini istehsal edilib. Bu göstərici 2024-cü
ilin eyni dövrü ilə müqayisədə 27 min ton və ya 2,8% azdır. Ötən
ilin ilk səkkiz ayında ölkədə 973,4 min ton avtomobil benzini
istehsal olunmuşdu.
Bu ilin sentyabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı
53,2 min ton təşkil edib.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının
istehsalı sahəsində istehsalın ümumi dəyəri 3,562 milyard manat
olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1% azalıb.


