Birinci vitse-prezident Mehriban Əliyeva Vatikanda Müqəddəs Pyotr Bazilikasında görülmüş bərpa işləri ilə tanış olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi
ilə Vatikanda Müqəddəs Pyotr Bazilikasında həyata keçirilmiş bərpa
işləri ilə tanış olub.

Trend xəbər verir ki,
Müqəddəs Pyotr Bazilikasının baş keşişi kardinal Mauro Qambetti
Birinci vitse-prezident Mehriban Əliyevaya kilsə və burada görülən
bərpa işləri barədə məlumat verib.

Bildirilib ki, Müqəddəs Pyotr Bazilikası dünyanın ən böyük
kilsəsi olmaqla katolik aləminin dini mərkəzi hesab edilir və
Vatikandakı dörd Papa bazilikasından biridir. Həmçinin kilsə
memarlıq baxımından bəşəriyyətin ən möhtəşəm tikililərindən
sayılır. Əsası IV əsrdə qoyulsa da, mövcud bina XVI-XVII əsrləri
təmsil edir.

Diqqətə çatdırılıb ki, kilsənin rəhbəri Papa hesab olunur və
onun idarəçiliyi Müqəddəs Taxt-Tacın rəhbəri tərəfindən təyin
edilən kardinala həvalə olunur. Həmin kardinal, eyni zamanda,
Vatikan şəhər-dövlətinin baş keşişi statusunu daşıyır. 2021-ci il
fevralın 20-dən italyanəsilli kardinal Mauro Qambetti Müqəddəs
Pyotr Bazilikasının rəhbəri vəzifəsini tutur.

Qeyd edək ki, 2019-cu il fevralın 28-də Heydər Əliyev Fondu ilə
Müqəddəs Pyotr Bazilikası arasında kilsədə yerləşən “Roma Papası I
Leo ilə Hun imperatoru Atillanın görüşü” barelyefi və bazilikanın
nekropolundakı “Tullius Zetus” məqbərəsinin bərpasına dair müqavilə
imzalanıb. Layihə üzrə bərpa işləri başa çatdırılıb.

Müqəddəs Pyotr Bazilikasının baş keşişi kardinal Mauro Qambetti
Birinci vitse-prezident Mehriban Əliyevaya kilsədə görülən bərpa
işlərinin yüksək səviyyədə və qısa zamanda həyata keçirilməsinə
görə dərin təşəkkürünü ifadə edib.