Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşü olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva Vatikan şəhər-dövlətinin
qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə
görüşüb.

Trend xəbər verir ki, görüşdə
qubernatorluğun prezidenti Raffaella Petrini Heydər Əliyev Fondunun
Vatikanda həyata keçirdiyi layihələrə görə Azərbaycan dövlətinə
dərin və səmimi təşəkkürünü bildirib. Rahibə Raffaella Petrini
Azərbaycanın Birinci vitse-prezidentinin Müqəddəs Taxt-Taca
səfərlərini yüksək qiymətləndirərək, Mehriban Əliyevanın qarşılıqlı
anlaşmanın, dinlərarası dialoqun və mədəni əlaqələrin inkişafına
göstərdiyi dəyərli dəstəyə görə minnətdarlığını bildirib. O qeyd
edib ki, belə təşəbbüslər xalqlar arasında dostluğun, qarşılıqlı
anlaşmanın və mehriban münasibətlərin formalaşmasına xidmət
edir.

Birinci vitse-prezident Mehriban Əliyeva səmimi qəbula və
göstərilən diqqətə görə Vatikan dövlətinin qubernatorluğuna
minnətdarlığını ifadə edib. Mehriban Əliyeva rahibə Raffaella
Petrinini Bakıya rəsmi səfərə dəvət edərək, Azərbaycanla Vatikan
arasında əməkdaşlığın yeni istiqamətlərdə genişləndirilməsinin
vacibliyini vurğulayıb. Rafaella Petrini dəvətini məmnunluq hissi
ilə qəbul edərək, yaxın zamanlarda Azərbaycana səfər etmək
niyyətində olduğunu bildirib.

Qarşılıqlı hörmət şəraitində keçən görüşdə Azərbaycan ilə
Vatikanın qubernatorluğu arasında mədəni, dini və humanitar
sahələrdə praktiki əməkdaşlığın perspektivlərinə dair fikir
mübadiləsi aparılıb.