
Bakı. Trend:
4 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin D-8 İnkişaf etməkdə olan Ölkələr
Təşkilatının Baş Katibi ilə Bakıda keçirdiyi görüşdə aparılmış
müzakirələrə uyğun olaraq Azərbaycan bu Təşkilatda fəal işlər
aparmaqdadır.
Bu həftə Azərbaycanda ilk dəfə olaraq D-8 Həftəsi təşkil edilir
və D-8 Həftəsi çərçivəsində Azərbaycanda yaradılacaq D-8 Enerji və
İqlim Mərkəzinə, D-8 Media Mükəmməllik Mərkəzinə və D-8 Nəqliyyat
Mükəmməllik Mərkəzinə dair D-8 üzv ölkələrinin iştirakı ilə müvafiq
görüşlər, həmçinin tarixdə ilk dəfə olaraq D-8 Komissarlarının
qeyri-formal görüşü (Retreat) və İqlim və Şəhərlər üzrə D-8 Yüksək
Səviyyəli Dialoq tədbiri keçirilir.
Bu tədbirlərdə D-8 Təşkilatının güclü iqtisadi bloka çevrilməsi
məqsədilə Təşkilatda islahatlar, həmçinin iqlim, şəhərsalma, və
media sahəsində əməkdaşlıq kimi yeni mövzuların D-8 gündəliyinə
gətirilməsi məsələləri müzakirə edilmişdir. Azərbaycan ötən ilin
dekabr ayında Qahirədə keçirilmiş D-8 Zirvə Görüşündə D-8
Təşkilatının 27 il əvvəl yaradıldığından sonra bu Təşkilatın
üzvlüyünə qəbul edilmiş ilk ölkə olmuşdur. Hazırda D-8 üzv
dövlətləri siyahısına Azərbaycan, Türkiyə, Misir, Nigeriya,
Pakistan, İran, Indoneziya, Banqladeş və Malayziya daxildir.
Hazırda Misir D-8-ə sədrlik edir və 1 yanvar 2026-cı ildən 2 il
ərzində İndoneziya D-8-ə sədrlik edəcəkdir. İqlim və Şəhərlər üzrə
D-8 Yüksək Səviyyəli Dialoq tədbiri Azərbaycanın COP29 Sədrliyi
çərçivəsində təşkil edilir və tədbirdə D-8 üzv ölkələrinin İqlim və
Şəhərsalma Nazirləri, D-8 Kommisarları və D-8 regionundan olan
şəhərlərin rəhbərləri iştirak edir. Həmçinin D-8 üzv ölkələrindən
olan İqlim və Şəhərsalma Nazirləri, D-8 Komissarları və şəhər
rəhbərləri, həmçinin Azərbaycanın Üçüncü Milli Şəhərsalma Forumunda
da iştirak etmişlər.


