
Bakı. Trend:
Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu,
mədəniyyətlərin, dinlərin və ənənələrin qarşılıqlı təsir mühitində
formalaşdığı unikal bir məkan olub.
Trend xəbər
verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Asiya
Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının
4-cü iclasının iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, çoxmillətli və
çoxkonfessiyalı ölkəmizin ictimai-siyasi inkişafında bütün dinlərin
və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət, etimad və
sülh şəraitində birgəyaşayışı mühüm rol oynayıb.
“Multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması
Azərbaycan cəmiyyətinin sosial-mədəni əsaslarının ayrılmaz tərkib
hissəsidir və dövlət siyasətinin əsas istiqamətlərindən birini
təşkil edir”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

