İran Azərbaycandan elektrik enerjisi alışını azaldıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan İran İslam
Respublikasına 20,923 milyon kVt/saat həcmində elektrik enerjisi
ixrac edilib.

Trend-in
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu
miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 594 min
ABŞ dolları olub.

İrana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsi ilə 80 min ABŞ dolları və ya 11,9%, həcm
ifadəsi ilə 2,830 milyon kVt/saat, yaxud 11,9% azalıb.

Eyni zamanda, 2025-ci ilin ilk səkkiz ayı ərzində İrandan
Azərbaycana 619 min ABŞ dolları dəyərində, 21,795 milyon kVt/saat
həcmində elektrik enerjisi satılıb.




Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 27 min ABŞ dolları və ya 4,2%, həcm ifadəsində isə 951
min kVt/saat və ya 4,2% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust ayları ərzində
Azərbaycandan ümumilikdə dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və
Türkiyəyə 52,7 milyon ABŞ dolları dəyərində, 919,9 milyon kVt/saat
həcmində elektrik enerjisi ixrac edilib. Bu, ötən ilin eyni dövrü
ilə müqayisədə dəyər ifadəsi ilə 4,8 milyon ABŞ dolları və ya 8,3%,
98,8 milyon kVt/saat və yaxud 10% azalma deməkdir.

Eyni zamanda hesabat dövründə üç ölkədən – Rusiya, Gürcüstan və
İrandan Azərbaycana 4,9 milyon ABŞ dolları dəyərində 115,6 milyon
kVt/saat elektrik enerjisi idxal edilib. Bu isə ötən ilin ilk 8
ayındakı göstəriciyə nisbətən dəyər baxımından 26 min ABŞ dolları
və ya 0,5%, həcm ifadəsində isə 7,6 milyon kVt/saat və yaxud 6,2%
azdır.