
Bakı. Trend:
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının
Beynəlxalq Nəqliyyat Forumu (ITF) tərəfindən “Əlilliyi olan
şəxslərin nəqliyyata çıxış imkanları” mövzusunda keçirilən
beynəlxalq dəyirmi masada təmsil olunub.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
(RİNN) məlumat verilib.
Bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
nümayəndəsi, ITF Katibliyinə ezam olunan milli ekspert Əliş
İsmayılov müxtəlif sessiyalardakı çıxışında ölkəmizin təcrübəsini
bölüşüb.
Ölkəmizdə nəqliyyat və kommunikasiya sahəsində qurumlararası
əməkdaşlığın gücləndirilməsi istiqamətində aparılan islahatlar,
ictimai nəqliyyatda yeni maliyyə mexanizminin tətbiqi haqqında
məlumat verilib. Bu tədbirlərin nəqliyyat sektorunun maliyyə
dayanıqlığını artırmaq və xidmətlərin keyfiyyətini yüksəltmək
baxımından əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Sessiya rəhbəri bu islahatları yüksək qiymətləndirərək
Azərbaycan təcrübəsinin yekun hesabata nümunə kimi daxil
ediləcəyini deyib.
Tədbirdə Yaponiya, İrlandiya, Avstriya, Kanada, Portuqaliya,
Niderland və digər ölkələrin nüfuzlu qurumlarının nümayəndələri
iştirak ediblər. Dəyirmi masa nəqliyyata bərabər çıxış imkanlarının
təmini və inklüziv nəqliyyat siyasətinin inkişafı istiqamətində
əməkdaşlığın gücləndirilməsi baxımından vacib platforma rolunu
oynayıb. Azərbaycan təcrübəsinin beynəlxalq səviyyədə tanınması
ölkəmizin inklüziv nəqliyyat sahəsində də uğurlu fəaliyyətini bir
daha təsdiqləyib.

