
Bakı. Trend:
Qətər Dövlətinin paytaxtı Doha şəhərində İslam Əməkdaşlıq
Təşkilatına (İƏT) üzv dövlətlərin Əmək Nazirlərinin 6-cı Konfransı
keçirilir.
Trend
xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi məlumat yayıb.
Bildirilib ki, konfrans “Yerli Təcrübələr, Qlobal Nailiyyətlər:
İslam Dünyasında Uğurlu Hekayələr” mövzusuna həsr olunub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev İƏT-in fəal
üzvü olan Azərbaycanın dünyada İslam həmrəyliyinin və dəyərlərinin
təbliğində mühüm rolunu vurğulayıb. Ölkəmizin son illər Təşkilatın
bir sıra yüksək səviyyəli tədbirlərinə, o cümlədən 2013 və 2023-cü
illərdə Əmək Nazirlərinin Konfransına ev sahibliyi etdiyini
bildirib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin təşəbbüsü ilə İƏT-in Bakıda yaradılan və ötən il
fəaliyyətə başlayan Əmək Mərkəzinin üzv ölkələr arasında əlaqələrin
inkişafında önəmini, Mərkəzin ötən ay keçirdiyi beynəlxalq
tədbirləri diqqətə çatdırıb.
Nazir son altı ildə Azərbaycanda beş sosial islahat paketinin
icra edildiyini deyərək bildirib ki, işçi hüquqlarının qorunması və
əməyin mühafizəsi ölkəmizdə əsas prioritetlər sırasındadır.
Azərbaycan Beynəlxalq Əmək Təşkilatının 59 Konvensiyasını, bir
Protokolunu ratifikasiya edib və hazırda daha dörd Konvensiyanın da
ratifikasiya imkanları nəzərdən keçirilir. Həmçinin qadınlar üçün
məşğulluq imkanlarının artırılması sahəsində son illər mühüm
irəliləyişlər əldə edilib. Dünya Bankının “Qadınlar, Biznes və
Hüquq” hesabatına əsasən, Azərbaycan dünya miqyasında öz reytinqini
104-cü yerdən 69-cu yerə yüksəldib.
Anar Əliyev ölkəmizdə qeyri-rəsmi məşğulluğa qarşı mübarizə
tədbirlərinin müsbət nəticələrini, əmək bazarındakı müasir
çağırışlara uyğun tətbiq edilən yeni məşğulluq xidmətlərini qeyd
edib. O, iş yerlərinin yaradılmasını dəstəkləyən yeni aktiv
məşğulluq proqramlarına başlandığını diqqətə çatdırıb. Bildirib ki,
işçi qüvvəsinin bacarıqlarının inkişafına yönəlmiş peşə hazırlığı
proqramı və gəncləri gələcək əmək bazarına hazırlamaq üçün
peşəyönümü xidmətləri genişləndirilərək təkmilləşdirilib və artıq
beynəlxalq əmək bazarının tələblərinə uyğun 1400-ə yaxın peşə və
ixtisas standartı hazırlanıb.
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
göstərilən 159 xidmətin 90 faizdən çoxunun rəqəmsal qaydada təqdim
edildiyini bildirən nazir DOST modelinin uğurlarını, bu modelin
Azərbaycanın yeni milli brendinə çevrildiyini vurğulayıb. O,
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa
etdiyini, işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlər
üçün həyata keçirilən məşğulluq tədbirlərini qeyd edib. Əmək və
sosial müdafiə sahəsində uğurlu təcrübələrimizi İƏT-ə üzv
dövlətlərlə bölüşməyə və təcrübə mübadiləsi aparmağa hazır
olduğumuzu vurğulayıb.
Konfrans çərçivəsində Anar Əliyev Türkiyənin əmək və sosial
müdafiə naziri Vedat İşıkhan, Səudiyyə Ərəbistanı Krallığının insan
resursları və sosial inkişaf nazirinin birinci müavini Abdullah
Abuthnain və İordaniya Haşimilər Krallığının əmək naziri Xaled Al
Bakkar ilə görüşüb.
Görüşlərdə sosial islahatlar, məşğulluq proqramlarının icrası,
habelə əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin
bacarıqlarının, rəqabət qabiliyyətinin artırılması prosesində
təcrübə və məlumat mübadilələrinin əhəmiyyəti vurğulanıb. Sosial
sahədə ikitərəfli əməkdaşlığın mövcud vəziyyətinə və gələcək
istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.


