
Bakı. Trend:
Perunun paytaxtı Limanda turistlərin ən çox ziyarət etdiyi
Kennedi parkında “Azərbaycanı kəşf et” adlı fotosərginin açılışı
keçirilib.
Trend xəbər verir
ki, tədbirdə Miraflores rayonunun bələdiyyə başçısı Karlos Kanales
Ançorena, Peru–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü,
konqresmen Korel Kira Alkaraz Aqiero, diplomatik korpusun
nümayəndələri, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.
Açılış mərasimində çıxış edən Miraflores rayonunun bələdiyyə
başçısı sərginin əhəmiyyətindən danışaraq, bu təşəbbüsün Peru və
Azərbaycan arasında mədəni dialoqun güclənməsinə mühüm töhfə
verəcəyini vurğulayıb.
Azərbaycan Respublikasının Perudakı səfiri M.Talıbov adından
çıxış edən səfirliyinin nümayəndəsi Gültən Qafqazlı-Novruzova
qonaqlara ölkəmizin zəngin mədəniyyəti, turizm potensialı,
UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş abidələri, milli
mətbəxi, musiqisi və rəqsləri barədə ətraflı məlumat verib.
Tədbirdə həmçinin Peru-Azərbaycan Parlamentlərarası Dostluq
Qrupunun üzvü, konqresmen K.Alkaraz çıxış edərək iki ölkə arasında
mədəni əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd
edib.
Daha sonra qonaqlar fotosərgi ilə tanış olublar və onlara
nümayiş etdirilən hər bir foto haqqında ətraflı məlumat verilib.
Sərgidə Azərbaycanın təbiətinin gözəllikləri, tarixi abidələri,
milli rəqsləri və mətbəxi əks etdirən fotolar yer alıb. Tədbir
yerli ictimaiyyət və turistlər tərəfindən böyük maraqla
qarşılanıb.
Fotosərgi oktyabr ayının 31-dək davam edəcək.

