Gürcüstanda aksiya və nümayişlərlə bağlı qaydaların pozulmasına görə hüquqi məsuliyyət daha da sərtləşdirilib.
APA-nın yerli bürosu xəbər verir ki, ölkə parlamenti İnzibati xətalar və Cinayət məcəllələrinə düzəlişləri üçüncü oxunuşda 80 səslə qəbul edib.
Düzəlişlərlə əsasən, aksiya və yaxud nümayişin iştirakçısı üzünü maska ilə örtərsə, əlində gözyaşardıcı qaz və ya zəhərləyici maddə olarsa, yolu bağlayıb və yaxud müvəqqəti konstruksiya qurarsa, həmin şəxsi 15 sutkalıq, təşkilatçını isə 20 sutkaya qədər inzibati həbs gözləyəcək.
Gürcüstanın Daxili İşlər Nazirliyinin tələbi ilə dayandırılmalı olan aksiya və yaxud nümayişdə iştiraka görə 60 sutkaya qədər inzibati həbs nəzərdə tutulacaq. Aksiya zamanı digər şəxslərin həyat və sağlamlığına zərər vurmaq məqsədilə silah, pirotexniki vasitə və yaxud əşyadan istifadə edənlərə qarşı 60 sutkalıq inzibati həbs cəzası tətbiq olunacaq. Bu cür əməli təkrar törədənlər bir il müddətinə həbs ediləcəklər, üçüncü və sonrakı hər bir oxşar qanunsuz əməl isə iki ilədək müddətə həbslə nəticələnəcək.
Cinayət Məcəlləsinə əlavə ediləcək yeni maddə ilə hüquq-mühafizə orqanı əməkdaşını üçüncü dəfə təhqir edən və yaxud onun qanuni tələbinə əməl etməyən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Həmin şəxslər bir ilədək müddətə azadlıqdan məhrum ediləcəklər, eyni halın təkrarlanacağı halda isə həbs müddəti iki ilədək artırılacaq.
Yeni qaydaların pozulmasına görə cinayət məsuliyyəti yetkinlik yaşına çatmayan şəxslərə da şamil ediləcək. Bu cür pozuntulara yol vedikdə yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətinə cəlb edilməklə yanaşı 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.

