Neftçala ərazisində ov qaydalarını pozan şəxs saxlanıldı

Baş səhifə

Bakı.Trend:

“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə
riayət olunması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin
əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Neftçala
rayonu ərazisində ov qaydalarını pozan şəxs saxlanılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz
Məhəmmədov Trend-ə bildirib ki, saxlanılan şəxsin idarə etdiyi
90-OB-135 dövlət qeydiyyat nişanlı “Niva” markalı nəqliyyat
vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş
diri halda çöl göyərçini və Şahin quşunun ovlanması üçün nəzərdə
tutulmuş, istifadəsi qanunla qadağan olunan cələ aşkar edilərək
maddi sübut kimi götürülüb. Çöl göyərçini isə təbiətə
buraxılıb:

“Faktla bağlı nəqliyyat vasitəsinin sürücüsü Xalid Abdullayev
barəsində protokol tərtib olunaraq qanunamüvafiq tədbir
görülüb”.




Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ov fəaliyyəti ilə məşğul
olan şəxslərə adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na
daxil edilmiş, eyni zamanda ovlanması qadağan olunan heyvan və quş
növlərinin ovlanmasının yolverilməz olduğunu bildirib, ov ilə
məşğul olan şəxsləri qaydalara ciddi əməl etməyə, qadağan olunmuş
vaxtlarda, qadağan edilmiş alətlərlə ov etməkdən çəkinməyə
çağırıb.

Qeyd edək ki, ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz
ov etməyə görə təqsirkar şəxslər Azərbaycan Respublikasının mövcud
qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.