
Bakı. Trend:
Bazarlarda vergi uçotunun tənzimlənməsi rəsmiləşdirmə
prosesindəki çətinlikləri aradan qaldıracaq, istehlakçı hüquqlarını
qoruyacaq.
Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.
Belə ki, bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı
Vergi Məcəlləsinə dəyişikliklər cari ilin oktyabrın 1-dən qüvvəyə
minib. Bu dəyişikliklər bazarlarda fəaliyyət göstərən bütün
şəxslərin qanunvericiliyə uyğun leqal şəkildə fəaliyyət
göstərməsini təmin etməyə və qanunsuz sahibkarlığın qarşısını
almağa yönəlib.
Sahibkarlardan və bazar mülkiyyətçilərindən tələb
olunan nədir?
Dəyişikliklərə əsasən, bazarlarda icarəçilərin faktiki fəaliyyət
göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi
orqanında uçota alınmasından sonra mümkündür. Bu öhdəlik bazar
mülkiyyətçiləri tərəfindən təmin edilməlidir. Qanunvericiliyin yeni
tələblərinə görə, bazar mülkiyyətçiləri icarə müqaviləsinə xitam
verilmiş, fəaliyyətini dayandıran və ya davam etdirən vergi
ödəyiciləri barədə məlumat formasını rübdə 1 dəfə vergi orqanlarına
təqdim etməlidirlər.
Eyni zamanda, cari ilin 1 oktyabr tarixindən etibarən növbəti 6
ay ərzində bazar mülkiyyətçiləri vergi orqanında uçota alınmamış
təsərrüfat obyektlərinin (mağaza, ticarət obyekti, anbar) və həmin
obyekti icarəyə götürən şəxslərin uçota alınmasını təmin
etməlidirlər.
Dəyişiklik nəyə xidmət edəcək?
Sözügedən dəyişikliklərin əsas məqsədi qeyri-qanuni, uçotsuz
fəaliyyət göstərən, istehlakçı hüquqlarını pozan sahibkarların
fəaliyyətinin qarşısının alınması və onların vergi uçotuna
alınmasını təmin etməkdir.
Vergi uçotundan kənar fəaliyyət göstərən bazarlarda alış zamanı
çox zaman ödəniş sənədləri (çek, qəbz) təqdim edilmir. Bu isə
istehlakçının hüquqlarının pozuntusuna, malların dəyişdirilməsi və
ya qaytarılması zamanı problemlərin yaranmasına səbəb olur.
Yeni mexanizm bu problemlərin qarşısını almaqla istehlakçı
hüquqlarının qorunmasına və şəffaf bazar münasibətlərinin
formalaşmasına xidmət edəcək. Ümumilikdə bu addımlar iqtisadi
artıma və sosial rifahın yüksəlməsinə töhfə verəcəkdir.
Hansı bazarlardan söhbət gedir?
Burada söhbət kənd təsərrüfatı məhsulları bazarları və kənd
təsərrüfatı kooperativi bazarları istisna olmaqla, digər
bazarlardan gedir. Yəni, vergi qanunvericiliyinin sözügedən
müddəaları kənd təsərrüfatı məhsullarının satışı bazarları istisna
olmaqla, tikinti, geyim, qeyri-ərzaq, sənaye və digər məhsulların
satış bazarları, ticarət mərkəzləri, eləcə də AVM-lərdə fəaliyyət
göstərən şəxsləri əhatə edir.
Qanunsuz sahibkarlıqla mübarizə
Son illərdə İqtisadiyyat Nazirliyi, o cümlədən Dövlət Vergi
Xidməti tərəfindən ardıcıl şəffaflaşdırma tədbirləri həyata
keçirilib. Nəticədə biznes mühitində əhəmiyyətli dərəcədə “ağarma”
müşahidə olunur. Əmtəə zəncirinin bütün mərhələlərində
rəsmiləşdirmə ildən-ilə artır və qanunsuz mal dövriyyəsinin və
qeyri-rəsmi satış mənbələrinin aradan qaldırılması istiqamətində
nəzarətin artırılması və tədbirlərin görülməsi davam etdirilir.
Bazarlar müxtəlif sahibkarların birgə fəaliyyət göstərdiyi əmlak
kompleksi olmaqla yanaşı, bazar mülkiyyətçiləri həmin sahibkarların
fəaliyyətini əlaqələndirmək və təşkil etmək kimi vəzifələr
daşıyırlar.
Bazarlarda qanunsuz sahibkarlığın qarşısının alınması
istiqamətində bazar mülkiyyətçilərinin prosesdə fəal iştirakı
vacibdir. Yeni mexanizm həmçinin bazarlarda çalışan, lakin aldığı
malları sənədləşdirməyən sahibkarların uçotla bağlı
çatışmazlıqlarını aradan qaldıracaq, rəsmiləşdirmə proseslərini
leqallaşdıracaq.
Qeyd edək ki, sahibkarların vergi uçotuna alınmadan, o cümlədən
icarəyə götürdükləri obyektləri vergi orqanında uçota qoymadan
fəaliyyət göstərməsinə şərait yaradan bazar mülkiyyətçilərinə qarşı
məsuliyyət tədbirlərinin tətbiq olunması vergi qanunvericiliyində
açıq şəkildə təsbit edilib.

