Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) Milli Preventiv Mexanizm və Müstəqil Monitorinq
Mexanizmi fəaliyyəti çərçivəsində Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına
başçəkmə həyata keçirilib.
BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti
alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ
Protokolu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”
Konvensiyası, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu əsasında təşkil
edilən başçəkmədə məqsəd bu müəssisədə saxlanılan şəxslərlə,
xüsusilə əlilliyi olan qadınlarla bağlı rəftar və şəraitin
araşdırılması, onların hüquqlarının təmini məsələlərinin və
göstərilən xidmətlərin vəziyyətinin öyrənilməsi olub.
Başçəkmə zamanı əlilliyi olan qadınlar, həmçinin səhhətində
problemləri olan 30-a yaxın şəxs saxlanıldığı kameralarda, habelə
öz istəklərinə uyğun olaraq konfidensial qaydada qəbul edilib.
Qadınların saxlanıldığı kameralara, eyni zamanda, müəssisənin
tibb-sanitar hissəsinə baxış keçirilib, palatalarda saxlanılan
şəxslərlə konfidensial söhbətlər aparılıb. Qidalanma, gəzinti,
sovqat qəbulu, görüş və telefon danışığı ilə bağlı müvafiq
hüquqların təmini vəziyyəti araşdırılıb, Ombudsmana ünvanlanan
müraciətləri qəbul olunub.
Başçəkmə zamanı mövcud vəziyyət qiymətləndirilərək əlilliyi olan
şəxslərə münasibətdə müyəssərliyin təkmilləşdirilməsi, mövcud
çatışmazlıqların aradan qaldırılması, habelə saxlanılan əlilliyi
olan qadınların siyahısının aparılması və sənədləşmə işinin
təkmilləşdirilməsi ilə bağlı müəssisənin və tibbi sanitar hissənin
rəhbərliyinə müvafiq tövsiyələr verilib, həmçinin hüquqi
maarifləndirici söhbətlər aparılıb.

