
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə
nəql olunan tranzit neftinin həcmi 20,569 milyon ton təşkil
edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə 1,1 milyon ton və ya 5,1% azdır.
Belə ki, 2024-cü ilin ilk doqquz ayında BTC ilə 21,682 milyon
ton neft nəql edilmişdi.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,6%-ni və ya
17,404 milyon tonunu Azərbaycanda hasil edilən neft, 15,4%-ni və ya
3,165 milyon tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan
neft təşkil edib.
Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi
271,9 min ton və ya 1,5%, Türkmənistan və Qazaxıstandan daxil olan
neftin həcmi isə 840,7 min ton və yaxud 21% azalıb.
Ümumilikdə, hesabat dövründə magistral neft kəmərləri ilə 27,593
milyon ton neft nəql edilib. Bu isə bir il əvvəlki göstəriciyə
nisbətən 1,267 milyon ton və yaxud 4,4% azalma deməkdir.
Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu
1768 km təşkil edir, 443 km Azərbaycan ərazisindən, 249 km
Gürcüstan ərazisindən, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru
kəmərinin inşası 2003-cü ilin aprel ayında başladılıb, 2005-ci il
mayın 18-də boru kəmərinə neft yüklənib.
2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmiş
BTC Co. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30,1 faiz),
AzBTC (25 faiz), MOL (8,9 faiz), Equinor (8,71 faiz), ТРАО (6,53
faiz), Eni (5 faiz), Total (5 faiz), Itochu (3,4 faiz), Inpex (2,5
faiz), ExxonMobil (2,5 faiz) və ONGC (2,36 faiz).


