Prezident İlham Əliyev III Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Baş səhifə

Bakı.Trend:

Prezident İlham Əliyev Xankəndi şəhərində keçirilən III Milli
Şəhərsalma Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Trend xəbər
verir ki, müraciətdə qeyd olunur:

“Hörmətli Forum iştirakçıları!

Sizi Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun açılışı
münasibətilə salamlayıram. Xankəndi şəhərinə xoş gəlmisiniz.

Azərbaycanda üçüncü dəfə təşkil olunan və artıq ənənə halını
almış bu tədbir şəhərsalma sahəsində milli, regional və beynəlxalq
tərəfdaşları bir araya gətirərək təcrübə mübadiləsi aparmaq, yeni
təşəbbüslər formalaşdırmaq və əməkdaşlığı gücləndirmək üçün mühüm
platforma rolunu oynayır.

BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində
keçirilən Milli Şəhərsalma Forumları Azərbaycanın bu sahədə
beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığının növbəti parlaq
təzahürüdür. Builki Forumda 60-dan çox ölkədən 200-dən artıq xarici
qonağın, ümumilikdə 400-ə yaxın nümayəndənin iştirakı həm ölkəmizə
olan etimadın və dostluğun, həm də şəhərsalma istiqamətində ortaq
məqsədlər naminə həmrəyliyimizin göstəricisidir.

Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet
istiqamətlərdən birini təşkil edir. Ölkədə şəhərsalma və
urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi
dayanıqlığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə
uyğunlaşmaya töhfə verir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq
işləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını
və icra imkanlarını nümayiş etdirir.

Ötən otuz il ərzində Azərbaycan ərazilərinin Ermənistan
tərəfindən işğalı nəticəsində şəhər və kəndlər tamamilə viran
edilmiş, tarixi-mədəni irsimiz dağıdılmış, torpaqlar geniş miqyasda
mina çirklənməsinə məruz qalmış, bir milyondan artıq azərbaycanlı
öz yurd-yuvasından didərgin salınmışdır. 2020-ci ildə 44 günlük
Vətən müharibəsində qazandığımız Zəfər sayəsində həmin ərazilərin
işğaldan azad edilməsi ölkəmiz üçün bərpa, yenidənqurma və dirçəliş
dövrünün əsasını qoydu.

Bu gün Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata
keçirir. Regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min
kvadrat kilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon
nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün
yenidənqurma işləri icra olunur. Əhalisi 300 min nəfərdən çox olan
8 şəhər və 90 kəndin baş planları artıq təsdiqlənib. İşğaldan azad
olunmuş 6 şəhər, 2 qəsəbə və 20 kəndə insanlar geri qayıdaraq
məskunlaşıb.




Müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ və Şərqi
Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması,
yaşayış məntəqələrinin yenidən salınması və əhalinin qayıdışı üçün
zəruri şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl
tədbirlər həyata keçirilir. Burada son dörd il ərzində 3 yeni
beynəlxalq hava limanı, avtomobil və magistral yolları, yeni dəmir
yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə
müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun
tikintisi davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji
infrastrukturunun yenidən qurulmasına və enerji təhlükəsizliyinin
təmin edilməsinə xüsusi önəm verilir. “Yaşıl enerji” zonası elan
edilmiş və 10 min meqavat yaşıl enerji üzrə texniki potensiala
malik Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisi
layihələri sürətlə həyata keçirilir. Burada “ağıllı şəhər”, “ağıllı
kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa
olunur.

Regionda iqtisadi inkişafın və məşğulluğun təmin edilməsi
məqsədilə sənaye parkları, iqtisadi zonalar yaradılır. Bütün bunlar
yerli istehsal imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin
açılması ilə yaşayış məntəqələrinin dayanıqlı inkişafına töhfə
verir. Eyni zamanda salınan yeni yol infrastrukturu sayəsində
Qarabağ və Şərqi Zəngəzurun Bakı və ölkənin digər əraziləri ilə
birbaşa əlaqələndirilməsi bu regionların sürətli iqtisadi və sosial
inkişafına xidmət edir. Bu gün “Böyük Qayıdış” Proqramı
çərçivəsində artıq 60 minə yaxın insan bu ərazilərdə yaşayır,
işləyir və təhsil alır.

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun Xankəndi şəhərində
keçirilməsi xüsusi məna daşıyır. Uzun illər işğal altında qalmış bu
şəhər bu gün sülhün, bərpanın və dirçəlişin rəmzidir. Xankəndidə
icra olunan infrastruktur layihələri şəhərin müasir, ağıllı və
innovativ şəhər konsepsiyasına uyğun inkişafını təmin edir.

Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən
quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı
deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması
baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü
layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit
yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır və şəhərlərin
dayanıqlı inkişafına xidmət edir.

Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə
beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Ölkəmiz
iqlim dəyişmələri və şəhərsalma sahəsində qlobal çağırışların
həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı
tərəfdaş kimi tanınır. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə də
BMT-nin Məskunlaşma Proqramı ilə birgə həyata keçirilən təşəbbüslər
xüsusi önəm daşıyır.

2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu
tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın
beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı
tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. Bu mötəbər
tədbir Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu
daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və ümumilikdə
qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcəkdir.

Bugünkü Forum 13-cü Ümumdünya Şəhərsalma Forumuna gedən yolda
mühüm mərhələdir. Əminəm ki, burada aparılan müzakirələr şəhərlərin
planlaşdırılması, bərpası və davamlı inkişafı sahəsində strateji
təşəbbüslərin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb
edəcək, gələcək nəsillər üçün daha yaşıl, inklüziv və firavan
yaşayış mühitinin formalaşdırılmasına xidmət edəcəkdir.

Bir daha hamınızı Azərbaycanda salamlayır, Forumun işinə uğurlar
diləyirəm”.