
Bakı. Trend:
Azərbaycan ilə Serbiya respublikaları Müdafiə nazirlikləri
arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, bu
ölkənin Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfər
edib.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, Milli Müdafiə Universitetinin Hərbi
İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən görüşdə
qeyd edilib ki, Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında
bağlanmış müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş, ikitərəfli
hərbi əməkdaşlıq planları, eləcə də strateji tərəfdaşlıq
münasibətlərinin gücləndirilməsi üzrə aparılmış müzakirələr iki
ölkə arasında müdafiə əməkdaşlığının inkişafında mühüm
mərhələdir.
Qarşılıqlı səfərlərin və keçirilən bu cür görüşlərin Azərbaycan
və Serbiya arasında hərbi əməkdaşlığın gücləndirilməsinə xüsusi
töhfə verdiyi qeyd olunub. Həmçinin ikitərəfli hərbi əməkdaşlıq
planı çərçivəsində həyata keçirilmiş bir sıra tədbir və
təlim-məşqlərin tərəfdaşlığımız üçün mühüm əhəmiyyət kəsb etdiyi
bildirilib.
Qeyd olunub ki, Azərbaycan və Serbiya arasında dostluq
münasibətləri səmərəli müdafiə diplomatiyasının nümunəsidir və
bölgələrimizdə, eləcə də onun hüdudlarından kənarda sülh və
sabitliyə töhfə verir.
Sonra “Əməliyyatların planlaşdırılması” mövzusunda brifinqlər
təqdim olunub, geniş müzakirələr aparılıb, qarşılıqlı maraq doğuran
suallar cavablandırılıb. Qonaqlara müasir Azərbaycan Ordusunun
formalaşması, həyata keçirilən islahatlar, planlama, qoşun növləri,
xüsusi təyinatlı təhsil müəssisələri, döyüş hazırlığının təşkili,
döyüş əməliyyatları və tətbiq edilən metodlar, eləcə də digər
fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.


