Zəfər muzeyində eksponat və instalyasiyaların quraşdırılmasına başlanılıb (VİDEO)

Baş səhifə

Bakı. Trend:

44 günlük Vətən müharibəsi və tarixi Zəfərimizi simvolizə edən
muzeyin hər bölməsi, buradakı eksponatlar, xüsusi hazırlanmış
instalyasiyalar unikallığı, daşıdığı anlam və verəcəyi mesajlarla
ziyarətçilərin marağına səbəb olacaq.

Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoyan Zəfər
nəticəsində doğma torpaqlarımızın yenidən dirçəlməsi, viran olmuş
yurd-yuvalarda yenidən baş qaldıran həyat muzeydəki
instalyasiyalarda öz əksini tapacaq.

Bütün bunları bizə yaşadan Vətən müharibəsinin qəhrəman
şəhidlərinin hər birinin adı qəlbimizə həkk olunduğu kimi Zəfər
muzeyində də yaşayacaq. Hazırda şəhidlərimizin adları bir-bir
muzeyə həkk olunur.




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bakı
şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin
yaradılması haqqında” Sərəncamından irəli gələrək qurulan muzeyin
şanlı qələbəmizin 5-ci ildönümündə açılışı nəzərdə tutulub. Zəfər
muzeyi Heydər Əliyev Fondu tərəfindən hazırlanmış
dizayn-konsepsiyaya əsasən formalaşdırılır.