
Bakı. Trend:
“3 aydan artıqdır ki, Bakıya gəlib missiyama başlamışam. Bu
beynəlxalq konfrans itkin düşmüş insanlarla bağlı təşkil olunub.
Həqiqətən bu, çox önəmli məsələdir ki, münaqişə nəticəsində itkin
düşmüş şəxslərin vəziyyəti dəqiqləşsin və ailələri bilsinlər ki,
onlara nə olub. Ailələr gözləyirlər ki, əzizlərinin taleyindən
məlumat alsınlar”.
Bu sözləri Trend-ə İran İslam Respublikasının Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu İtkin düşmüş
şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər
probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın
genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans iştirakçılarının
Zəngilan səfəri zamanı deyib.
Səfir Azərbaycanı qələbə münasibətilə təbrik edib:
“Mən bu fürsətdən də istifadə edib bütün Azərbaycan xalqını
təbrik edirəm ki, nəhayət 30 ildən sonra işğal olunmuş torpaqlar
azad olundu və ölkənin suverenliyi bərpa olundu. Mən keçmişdə də
Bakıda işləmişəm. 27 il öncə Göygöldə Qarabağa baxırdım. Belə
fikirləşirdim ki, görəsən nə vaxtsa yenidən bu – indi azad olunan
yerlərdə olacağam? Çox şadam ki, mənim bu arzum həyata keçib. Bir
daha Azərbaycan xalqını və dövlətini bu böyük nailiyyətə görə
təbrik edirəm”


