Bakı. Trend:
ABŞ Daxili Gəlir Xidməti (IRS) federal hökumətin qismən
bağlanması ilə əlaqədar işçilərinin təxminən yarısını müvəqqəti
məzuniyyətə göndərib.
Trend-in
məlumatına görə, bu barədə xidmətin dərc etdiyi rəsmi sənəddə
bildirilib.
Sənəddə qeyd olunur ki, 74,300 işçidən yalnız 39,900 nəfər
(təxminən 53,6%) müəyyən dərəcədə fəaliyyətini davam etdirəcək,
34,400 nəfər isə müvəqqəti məzuniyyətə çıxarılıb.
Xatırladaq ki, ABŞ federal hökuməti maliyyə çatışmazlığı
səbəbindən oktyabrın 1-də gecə yarısından etibarən (Bakı vaxtı ilə
saat 08:00) fəaliyyətini qismən dayandırıb.
Bu vəziyyət Konqresdə respublikaçılar və demokratlar arasında, o
cümlədən səhiyyə xərcləri ilə bağlı büdcə maddələri üzrə razılıq
əldə olunmaması nəticəsində yaranıb.

