ABŞ Ali Məhkəməsi “Sberbank”ın kassasiya şikayətini rədd edib

Baş səhifə

ABŞ Ali Məhkəməsi Malayziya Hava Yolları təyyarəsinin vurulması ilə bağlı Rusiya “Sberbankı”nın kassasiya şikayətinə baxmaqdan imtina edib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, bu şikayətlə 2014-cü ildə Ukrayna üzərində Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulmasında ittiham olunan silahlı qrupla əməkdaşlıq etdiyinə görə, “Sberbank” ABŞ-ın antiterror qanunlarına əsasən məsuliyyətdən yayınmağa cəhd edib.

Xatırladaq ki, məhkəmədə iddianı Malayziya təyyarəsinin 2014-cü ildə Donbas səmasında “Buk” zenit-raket kompleksi ilə vurulması nəticəsində həyatını itirən – 18 yaşlı Kvin Şansmanın ailəsi qaldırıb. Hadisədə ümumilikdə təxminən 300 sərnişin həlak olub. Məhkəmə müəyyən edib ki, Rusiyanın “Sberbank”ı ABŞ bank sistemi vasitəsilə “DXR” (Donetsk Xalq Respublikası) adlı qondarma qurumun silahlılarını maliyyələşdirib.

“Sberbank” daha əvvəl “suveren toxunulmazlıq” arqumenti ilə məsuliyyətdən yayınmağa çalışsa da, həm birinci instansiya, həm də apellyasiya məhkəmələri bunu rədd edib. İndi isə bu qərar ABŞ Ali Məhkəməsi tərəfindən də təsdiqlənib.

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak Ukraynada müharibəni maliyyələşdirən qurumların cəzalandırılması üçün fürsət yarandığını qeyd edib: “Əgər iddia təmin olunarsa, bu, Rusiya təcavüzünü birbaşa və ya dolayısı ilə maliyyələşdirən bütün qurumlara güclü siqnal olacaq: artıq məsuliyyətdən yayınmaq mümkün olmayacaq”.