Almaniya şirkətləri Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsində ölkənin mühüm tərəfdaşlarıdırlar – AHK Azerbaijan

Baş səhifə

Bakı. Trend:

Alman şirkətləri Azərbaycan üçün mühüm və arzuolunan tərəfdaşlar
hesab olunur, xüsusilə də iqtisadiyyatın şaxələndirilməsi və
dayanıqlı sənaye inkişafı kontekstində.

Trend xəbər verir
ki, bunu Almaniya- Azərbaycan Ticarət Palatasının (AHK Azerbaijan)
icraçı direktoru Nərgiz Vik “Maliyyə kəsişməsində innovasiyalar və
texnologiyalar” mövzusunda İxracın Maliyyələşməsi üzrə Yüksək
Səviyyəli Almaniya-Azərbaycan Konfransı 2025-də deyib.

“Bu gün keçirilən konfrans layihə rəhbərləri, ixracatçılar və
hər iki ölkədən olan maliyyə qurumlarının birbaşa əlaqələr qurması
üçün mühüm platformadır. İnvestisiya qərarları təkcə qiymət amilinə
əsasən verilmir – burada bütün faktorların məcmusu rol oynayır. Bu
baxımdan, alman şirkətləri innovativ texnologiyalar, etibarlı
ticarət dəstək alətləri təklif edir, həmçinin təlim, xidmət və
biliklərin ötürülməsinə yüksək sadiqlik nümayiş etdirirlər”,- deyə
o qeyd edib.




Onun sözlərinə görə, Almaniya-Azərbaycan Ticarət Palatası
ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verə biləcək
layihələrin müəyyənləşdirilməsi istiqamətində fəal fəaliyyət
göstərir.

“Yaranan imkanlardan yararlanmaq üçün alman şirkətlərinə yalnız
əlverişli investisiya şəraiti deyil, həm də şəffaf biznes mühiti,
səmərəli inzibati prosedurlar və operativ qərar qəbuletmə prosesi
lazımdır”,- N. Vik vurğulayıb.